Çində iqtisadi artımın zəifləməsi nefti ucuzlaşdıracaq
09.11.2017 726 0.0 0

Çinin iqtisadi artım tempində proqnozlaşdırılan yavaşlama neft qiymətlərinə mənfi təsir göstərəcək. 

"Report"un analitik qrupu bildirir ki, hazırda Çin iqtisadiyyatı həddindən artıq yüksək kreditləşmə hesabına artıma nail ola bilir. Belə ki, 2017-ci ildə Çində kreditləşmənin həcmi 4 trln. ABŞ dolları təşkil edib ki, bu da dünyanın bütün inkişaf etmiş ölkələrinin məcmu kreditləşməsindən çoxdur.

Analitik qrup bildirir ki, belə yüksək həcmdə kreditləşmə uzun müddət davam edə bilməz və 2018-ci ildən etibarən bu göstəricinin səngiyəcəyi qaçılmazdır. Nəticədə, Çində iqtisadi artımın yavaşlayacağı gözlənilir ki, bu da əsas xammal qiymətlərinin, xüsusilə də neft qiymətlərinin düşməsinə gətirib çıxaracaq.

Kreditləşmənin səngiməsi digər bir problem olan bank sisteminin borc problemini ortaya çıxara bilər. Belə ki, Çinin bank sektorunun borcu 40 trln. dollara yaxındır və bu göstərici son 11 ildə 37 mlrd. dollar və ya 1 233% artıb. Bu həcmdə borcun qarşılığında isə bank sektorunun cəmi 2 trln. dollarlıq qiymətli kağızları və 1 trln. dollarlıq likvid aktivləri var. Müqayisə üçün bildirək ki, ABŞ-ın son maliyyə böhranı zamanı bank sektorunun borcu 16,5 trln. dollar təşkil edib.

Analitik qrup yaxın 1-2 həftə ərzində Çin iqtisadiyyatında açıqlanacaq göstəricilərin mənfi olacağını və bunun da neft qiymətlərinə neqativ təsir edəcəyini bildirir. Göstəricilər inşaat sektorunun zəifləməsini, borc öhdəliklərinin idarə olunmasına xərclərin artmasını, sənaye istehsalının azalmasını ortaya qoya bilər. Xatırladaq ki, Çinin oktyabr ayında orta günlük neft idxalı sentyabrla müqayisədə 1,7 mln. barel və ya 19%-ə yaxın azalaraq 7,3 mln. barel təşkil edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar