Çin rəhbərliyi Türkiyə diplomatlarını ölkə xaricinə qaçmağa çalışan uyğur türklərini saxta pasportla təmin etməkdə günahlandırıb.
Məlumata görə, Çin höküməti ölkə xaricinə qaçan müsəlman uyğurların Suriya və İraqdakı terrorçu qruplara qoşulmasını, "ölüm fədaisi" olmağa getdiklərini iddia edib.
Rəsmi Pekinin bu iddialarının ötən həftə Taylanddakı düşərgələrdən uyğurların zorla Çinə geri göndərilməsinə Türkiyənin sərt etirazlar bildirməsindən sonra səslənməsi maraq doğurmaya bilməz.
Çin tərəfi iddialarını qüvvətləndirmək üçün ötən il Çin ilə Vyetnam arasındakı sərhədi keçməyə çalışan bir qrup uyğurun qatar stansiyasına etdiyi bıçaqlı hücumu misal göstərib.
Müsəlman uyğurlar ibadət edən zaman.
Çinin Cəmiyyət Təhlükəsizliyi Cinayət Araşdırma Dairəsinin bölüm başqanı Tong Bisan keçirdiyi mətbuat konfransında Kuala Lumpurdakı türk diplomatları uyğurlara saxta sənəd verdiyini deyib.
"Uyğurlar müəyyən yerli güclər tərəfindən çox asan bir şəkildə idarə edilirlər. Gəncləri təşkilatlandırırlar, beyinlərini "yuyurlar" və terrorçu qrupların tərkibində döyüşməyə göndərirlər. Onlar özünü "ölüm fədaisi" adlandırır".
Bir neçə ay əvvəl də Çin polisi Şanxayda ölkədən qaçmağa çalışan uyğurlarda saxta Türkiyə sənədlərinin tapıldığını bəyan edib./anspress/