Tunis polisi Sus şəhərində çimərlikdə turistlərə güllələyən terrorçunun kimliyini müəyyən edib.
Məlumata görə, dünən mehmanxana çimərliyində 37 nəfərin ölümü ilə nəticələnmiş kütləvi güllə-boranı 23 yaşlı Seyfuddin Ər-Rezki törədib.
Seyfuddin Ər-Rezki 2011-ci ildə texniki ixtisas üzrə ali məktəbə daxil olub. 2014-cü ildə o, baklavr diplomu alaraq magistraturaya keçib. Bildirilir ki, tələbə bir neçə tələbə yoldaşı ilə Kayruan şəhərində radikal dini dərnəklərə baş çəkirmiş.
Məlum olub ki, terrorçu təkbaşına fəaliyyət göstərib. Atışma nəticəsində o, zərərsizləşdirilib. “Mosaique FM” radiostansiyasının verdiyi məlumata görə, hadisəyə dəxli olan daha iki nəfər tutulub.
İyunun 26-da Sus şəhərinin yaxınlığında yerləşən Port Əl-Kantaui qəsəbəsində baş vermiş terror hücumu nəticəsində Böyük Britaniya, Almaniya və Belçikadan olan 37 nəfər qətlə yetirilib. 36 turist isə yaralanıb.
Eyni gündə Küveyt və Parisdə də terror aktları törədilib. Küveytdə cümə namazı zamanı kamikadzenin özünü partlatması 13 nəfərin ölümünə səbəb olub. Parisdə isə iki naməlum şəxs qaz fabrikində partlayış törətmək istəyib. Onlar qaçdıqdan sonra bir nəfərin başı kəsilmiş meyiti tapılıb. /anspress/