Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür
14.02.2017 972 0.0 0

Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

 

İlk oyun günündə iki qarşılaşma baş tutacaq ki, bunlardan birinə xüsusi diqqət var. Təbii ki, söhbət Fransada oynanılacaq PSJ – “Barselona” görüşündən gedir. Qrup mərhələsində məğlubiyyət üzü görməyən parislilər ikinci yeri tutmuş və “Barsa”ya rəqib olmuşdular. Son vaxtlar əla formada olan Unay Emerinin yetirmələri cavab qarşılaşması öncəsi üstünlük əldə etməyə çalışacaqlar. Əlbəttə ki, bu gün fransızların əsas qol ümidi cari mövsüm qolçuluq bacarığını nümayiş etdirən Edinson Kavani olacaq.

 

“Barselona” isə son 3 rəsmi oyunda məğlub etdiyi PSJ önündə uğurlu seriyanı davam etdirməyə çalışacaq. Meydan sahiblərində Xavyer Pastore və Qrzeqorz Krixovyak zədəli, Tiaqo Motta cəzalıdısa, qonaqların heyətində Aleyş Vidal, Xavyer Maskerano, Rafinya və Arda Turan zədədən əziyyət çəkirlər.

 

Günün digər matçında “Benfika” ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər. Portuqaliya çempionatının lideri güclü rəqibi büdrətmək və Almaniyaya sərfəli nəticə ilə yollanmaq arzusundadı. Amma “Borussiya”nın Madrid “Real”ının da yer aldığı F qrupunda birinci yeri tutduğunu unutmayaq.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

 

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar