“Biz yetkin, çağdaş bir dövlət kimi davranırıq. Lakin bizim də səbrimizin həddi var”.
Məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin NTV telekanalına müsahibəsində deyib. O bildirib ki, Rusiya hazırda Tükiyəyə qarşı hər fürsəti dəyərləndirmək istəyir: "Spesifik bir problem var və biz bunu hər platformada Rusiyanın əleyhinə istifadə etməyə çalışmırıq. Biz yetkin, çağdaş dövlət kimi davranırıq. Lakin bizim də səbrimizin həddi var. Bu günə qədər qarşılıq verməmişiksə, səbəbi qorxu və ya günahkarlıq kompleksi ilə bağlı deyil. Rusiya haqsız yerə hava sərhədimizi pozdu. Lakin münasibətlərimizi bərpa etmək üçün səbrli davranırıq”.
Nazir İraqın şimalındakı Başıka düşərgəsində olan türk əsgərləri ilə bağlı sualı da cavablandırıb: “2015-ci ilin martından əsgərlərimiz Mosul milli müdafiə qüvvələrinə təlim keçmək üçün oradadır. Sonuncu göndərdiyimiz qrup isə həmin əsgərlərin təhlükəsizliyini təmin etməyə yönəlib. İraqın ərazi bütövlüyü və suverenliyini ən çox müdafiə edən dövlət Türkiyədir"./apa/