Qazeta.info Kulis.az-a əsasən aktyor, teatr rejissoru, Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla müsahibəni təqdim edir.
- Cahangir müəllim, gəlişiniz hansısa bir layihə və ya işlə bağlıdırmı, yoxsa sadəcə olaraq vətənə növbəti gəlişlərinizdən biridir?
- Tətil mövsümüdür. Ayın 30-u nəvəmin ad günüdür, uzun vaxt idi nəvəmin ad gününə gəlmirdim, 31-i də öz ad günüm idi. Yəni nəvəmlə ad günlərimiz ard-ardadır. Ayan Nəsibənin böyük qızıdır. Həmişə qızım Nəsibəyə deyirəm ki, Ayanı mənim doğum günümə hədiyyə etmisən.
- Sizin Azərbaycanın ən böyük aktrisalarından biri olan Nəsibə Zeynalovanı ailə üzvü kimi tanınmaq, xatırlanmaq xoşbəxtliyiniz var. 63 yaşındasınız, maraqlıdır bu yaşınızda ananıza ehtiyac hiss edirsiniz?
- 63 yaşı burax, 63 yaş heç bir şeydir, 80-90-100 yaşında da əlinə tikan batanda ən əvvəl “ay ana” deyirsən. Ananın nəfəsi həmişə lazımdır. Mən bu yaşımda anamın qoxusu üçün darıxıram.
- Necə xatırlayırsınız Nəsibə xanımı? Son vaxtlar nələr yada düşür?
- Yada düşür deyəndə, heç yadımdan çıxmır ki… Ananın ruhu sağlamlıq kimi bir şeydir, həmişə yanınızda ola gərək, olmayanda insan xəstələnir. Nəsibə xanım çox ciddi bir insan idi, həm də tələbkar ana idi. Mənə verdiyi tərbiyəyə görə, ona çox minnətdaram.
- Cahangir müəllim, şəcərə xəttiniz həm də teatr sənətinin yaranması, inkişafı ilə bağlıdır. Sizin ölkədən kənarda yaşamağınız, işləməyinizlə bu xətt qırıldı. Razılaşırsız?
- Yox qırılmayıb. Mən yaşayıramsa qırılmaz. Cahangir Zeynalov türk dünyasının, Şərq aləminin ilk peşəkar teatrın qurulmasında, ayaq tutub yeriməsində əvəzsiz rolu olan bir insandır. İndi bunu dilə gətirmək asandır, amma yox yerdən yeni bir quruluş yaratmaq, həm də geri düşüncənin hegemon olduğu bir dövrdə professional teatr yaratmaq, ev teatrı yaratmaq… O dövrü nəzərə aldığında bu utopiyanı yaratmaq qəhrəmanlıq deyilmi? Cahangir Zeynalov öz maddi imkanları ilə Azərbaycan teatrı üçün vəqf qurdu. O, teatra ilk növbədə maddi dayaq oldu. O zaman kimin teatra verəcək pulu var idi? Cahangir Zeynalov iş adamı idi, tacir idi. O, qazandığı pulu Azərbaycan xalqının mədəniyyətinə, maariflənməsinə yatırıb. “Teatr bir güzgüdür, insanlar baxıb özünə bir çəki-düzən versinlər”, fikri ilə teatra sərmayə qoydu. İndi bu dediklərimi heç hardan oxuya bilməzsiniz, bütün sənədlər yandı, it-bat oldu, savadı olmayan qohum-əqrəbalar saxlaya bilmədilər. Sovetlər gəlib başımıza oyun açarlar diyə sandıq dolusu tarixi sənədləri o zama 7 yaşında olan anamın gözləri önündə yandırdılar. Onun içində Cahangir Zeynalovun teatra çəkdiyi zəhmətlər, çox dəyərli tarixi sənədlər hamısı məhv oldu getdi.
İndi nənəmin söhbətlərindən, anamın xatirələrindən, çevrəsində olan insanların söhbətlərindən, Mirzəağa Əliyevin anama danışdıqlarından, rəhmətlik Kazımovskilərin ailəsindən eşitdiklərimizdən – Mirmahmud Kazımovskinin, Sidqi Ruhullanın, Hacıməmməd Qafqazlının, Məhəmməd Əlilinin (bu adını çəkdiklərim Cahangir Zeynalovun tələbəsi olub) və bir çox sənət adamlarının bizə danışdığı xatirələrindən böyük bir tablonun müəyyən bir hissəsi aydınlanmış olur təsəvvürümüzdə. Azərbaycan Milli teatrında çalışan aktyorların bir çoxu Cahangir Zeynalovun evinə gedib gəliblər. Türk və Şərq dünyasında ilk ev teatrını yaradan adamdır Cahangir Zeynalov. Bu nə demək olduğunu təsəvvür edirsinizmi? Böyük xərclər çəkərək məşq etmək və tamaşa oynamaq üçün bahalı salonlar kiralamasınlar diyə o, evinin qonaq zalını üç yüzə qədər adam tutan teatr salonuna dönüşdürdü. Gənc istedadları oraya cəlb edərək dərslər verdi. Bu çalışmalar böyük zəhmət və uzun zaman istəyirdi və bu istedadlar ya pul qazandığı iş yerini, ya da teatrı seçməliydilər. Teatra bu qədər zaman verib ailələrini maddi sıxıntıya salmasınlar deyə Cahangir Zeynalov istedadlı insanları maaşa bağlayıb deyirdi ki, orada da işləyin amma, həftədə 2-3 kərə bura da gəlin. Beləliklə peşəkar aktyorluğun yaranmasına zəmin hazırlayırdı. Amma bütün bu xeyriyyəçiliyinə rəğmən sovet dövrünün bəlli ideoloji kriterləri səbəbi ilə Cahangir Zeynalovun adını bu etdikləri ilə bir yerdə çəkmədilər… Bilirsiniz, çünki babam zəngin adam idi. Onu sovet ideologiyasına uyğun sözlərlə xatırlamaq məcburiyyətində qaldılar, yəni sadəcə realist aktyor məktəbinin banisi olaraq. Çünki xatırlatmamaq, adını çəkməmək mümkün deyildi.
...Tələbə idik, Azdramadan, oynadığımız “İnsan” tamaşasından çıxmışdıq, mən, Hüseynağa Atakişiyev, Ağasəməd, Aslan, İbrahim Əliyev (heyf, İbrahim teatr sənətindən getdi, iş adamı oldu. Qiymət vermədilər. Azərbaycan teatr tarixində onun yaradıcılıq bioqrafisini kimsə təkrar etməmiş, 3 festivalda, Almaniya, Bolqarıstan, Macarıstan festivallarında “Ən yaxşı kişi rolu” üçün Qran Pri alıb adam). Hacıməmməd Qafqazlı ilə yanaşı gedirdik. Şahmat məktəbinə çatınca Hacıməmməd Qafqazlı tutdu əlimdən, binanı göstərib dedi ki, bax, bu binanın yerində sənin babanın evi vardı. O evdə sənin babanın çayını-çörəyini çox yedik. Məşqlərdən sonra nənən hər dəfə bizə süfrə açırdı. Baban da ayda bir dəfə bizim paltomuzun cibinə gizlicə pul qoyurdu ki, utanıb sıxılmayaq. Belə bir şəraitdə yaranıb bu teatr. Aktyorlar maaş qarşılığında daha rahat və tez-tez oynamağa başlayıblar. Xalq da getdikcə teatrı sevib qəbul etməyə başlayıb. Cahangir Zeynalov gözünü yumanda Azərbaycan peşəkar teatrı artıq ayaqda idi. Sonra da Sovet İttifaqı dövrü başladı, teatrlar başqa bir status qazandı, ideoloji bir vasitəyə çevrildi.
- Milli teatrın yaranması bu və ya digər şəkildə yerli burjuaziya ilə bağlıdır. Bu gün də milli kino günüdür. Nə olanda sənət milli olur?
- Sənət, mənsub olduğu ölkənin xalqının milli dəyərlərini, düşüncəsini, mentalitetini, onun dərdlərini və sevincini müasir dünya səviyyəsinə çıxaracaq, anlaşılır bir şəkildə əks etdirə biləcək, potensiala və imkana sahibsə, o milli teatr, milli kinematoqraf, milli sənət adlanma haqqı qazanmış olur. Məsələn, muğamımız; xalqımızın ruhunu tərənnüm edərək dünyəvi ola bilmişsə, onu dünyaya tanıdacaq sənətkarlarımız varsa, deməli milli musiqimiz var. Teatrda isə nə yazıq ki, korifeylər gözlərini yumandan sonra bizim nəslə heç bir şey qalmadı. Yeni nəslin yetişməsində səhvlərə yol verildi. Biz çapaladıq. Çünki, milli teatr mədəniyyətini əzən, eybəcərləşdirən bir zehniyyət ortaya çıxdı. Azərbaycan teatrı da çöküşə getdi. Mən zamanında buna görə Bakıda qalmaq istəmədim. Öz xahişimlə Şəki teatrına getdim. Şəki teatrı mərkəzdən uzaq idi, ora çox əl çatmırdı. Bu səbəbdən də orada sərbəst idik və vicdanımızla doğru olanı etməyə çalışdıq. Şəki teatrı o qədər böyük uğurlar qazandı ki, hətta onu Sovet İttifaqı Mədəniyyət Nazirliyinin balansına keçirmək istədilər. Sonra ittifaq dağıldı, bu məsələlər də qaldı.
Şəcərə dediyiniz boşuna olmur. Nəsibə xanım atasının səhnədə bir türk qızı görmək xəyalını gerçəkləşdirdi və bir azərbaycanlı-türk aktrisanın necə namuslu səhnə həyatı yaşaya biləcəyinə nümunə oldu; əxlaqı ilə, namusu ilə, sənəti və əvəzsiz zəhməti ilə bir Azərbaycan aktrisası timsalını yaratdı. Mən də bu iki dahi sənətkara bacardığım qədər layiq olmağa çalışıram.
- İndi Azərbaycan teatrı sanki keçmiş şöhrətinin ətəklərindən yapışır...
- O ətəklər artıq yırtılıb. O ətəyi buraxsınlar artıq.
- Burada sizi sənət adına nələr cəlb edir?
- Çox maraqlı gənclik yetişib. Mən sonuncu dəfə babamın yubileyində səhnələdiyim Anton Çexovun “Qu quşunun nəğməsi” tamaşasında aktyor Hikmət Rəhimovla çalışdım. Hikmətin məşqlərdəki bacarığını gördüm. Bununla birlikdə teatrı da içəridən görmək imkanım oldu, oradakı gəncləri gördüm, hətta gənc aktyorların bir çoxunun sənətə ac olduqlarını anladım – adamlar başqa yaradıcı şəraitdə, başqa sistemdə, başqa disiplində çalışmaq ehtiyacında idilər. O ehtiyacın konkret şəkildə nə olduğunu bəlkə özləri idrak etməmiş ola bilirdilər, amma mən kənardan baxdığım üçün bunun nə olduğunu hiss etdim. Hikmət persektivli, dəyərli aktyordu, məncə onu teatrdan kənarlaşdırmaq doğru deyildi. Hər birimiz gənc olmuşuq, səhv də etmişik. Onunla səhnəyə çıxdığımda 27-28 yaşı vardı, Türkiyədə tamaşanı görənlər onun bu yaşda olduğuna inanmadılar. O, dərin yaradıcı ruhu kökləri olan insandır. Aktyorun yaradıcı taleyi hər zaman bədii rəhbərə, baş rejissora bağlıdır. Məncə baş rejissorun işi sadəcə tamaşa qoymaq deyil, o teatrda çalışanların müqəddəratını düşünən, onların yaradıcılıq həyatlarının qayğısını çəkən bir insan olmalıdır. Repertuar siyasətini planlarkən dövrün gerçəkliyinə uyğun bir şəkildə, aktyorların yaradıcı imkanlarının perspektivinə görə, onların inkişaf yolunu nəzərə alaraq qurmalıdır. Ağlı, fikri, yaradıcı potensialı yerində olan yaşlı bir aktyoru belə doğru bir şəkildə dəyərləndirib qidalandırdığın zaman o lap yüz yaşında da olsa sənət həyatını yaşayar. Aktyor işsizlikdən, ona olan qayğısızlıqdan qocalır. Ezopun “Tülkü və üzüm” adlı təmsili var. Üzüm, tülkünün saymamazlığından, onu vecinə almamasından qurumağa başlayır. Aktyor ruhu çox incə və həssasdır. Əfsuslar olsun ki, saymazlığın və qayğısızlığın nəinki yetişkin aktyorların o üzüm kimi qurumasına, hətta gənclərin, necə deyərlər qora ikən mövüc olmalarına səbəb olduğunu görürəm. Bu gün Azərbaycanda çox maraqlı, istedadlı bir rejissor quşağı (nəsli-A.) yetişməkdədir. İsrafil İsrafilov milli teatrın müdiri olan zamanlar onları dəvət edirdi. Fikrimcə gənc rejissorlara yaradıcılıqlarını inkişaf etdirmələri üçün daha çox imkan yaradılmalıdır. Təbii ki, onların uğurları da səhvləri də ola bilər. Amma bağışlayın, kimin yanlışı olmur ki? Səhv etməyənlər, heç bir iş görməyənlərdir. Rejissor teatr sənətinin düşüncə, zövq və ilham qaynağı olmalıdır. Ölkəsinə, xalqına zərər verə biləcək və ya xeyir verəcək sosial, siyasi və ictimai yaşamı bir ayna kimi əks etdirən, müzakirəyə dəvət edən cəsarətli bir şəxsiyyət olmalıdır. Belə bir şəxsiyyətin yetişməsi ucuza başa gəlmir. Məsələn, mənim sadəcə Moskvadakı təhsilim 1981-1984 -cü illərdə dövlətə 25 min rubla başa gəlmişdi. O zaman üçün bu çox böyük məbləğ idi. Moskvadakı təhsilə haqq qazanmaq üçün də mən bir neçə əsərin eksplikasiyasını yazıb təhsilimə qərar verəcək ustadım Anatoliy Efrosa göndərmişdim. Sanıram bu gün də o təhsil sistemləri fəaliyyətdədir. Fərqli ustadlardan dərs və praktika görmüş gənc rejissorlarımız teatrımızı rəngləndirib hərəkətləndirə bilərlər.
- Mən sizin müsahibələrinizdən “Azərbaycanda teatra gözəl şərait yaradılmasını” oxudum. Amma siz illər əvvəl məhz şərait olmadığı üçün ölkədən getdiniz. Şərait düzəlibsə...
- Azərbaycan dövləti prezidentimiz başda olmaqla teatr sənətinə gözəl şərait yaradıb, bu bir gerçəkdir. Şəhərlərimizi bəzəyən müasir texniki avadanlıqla təchiz olunmuş, gözəl memariyə sahib teatr binaları buna sübutdur. Teatrlarımız üçün ayrılan maddi vəsait də məlumdur. Amma bəzi insanlar bu maddi vəsaiti lazımı qədər teatrlara xərclənməsinə imkan vermirlər. Kimin nə dərd çəkdiyindən xəbərim var, çünki hər vətənə gəldiyimdə insanlar bu problemləri nədənsə mənimlə paylaşırlar. Amma xəbərin olan şeyləri də sübut etmək lazımdı. Heç bir teatrın rəhbərliyi də işini itirməkdən qorxduğu üçün qalxıb həqiqəti deməyə cəsarət etmir. Burda problem niyyəti pozuq kadrlardadır. İnşallah sıra onların da təmizlənməsinə gəlir.
- Adamların ziyalılardan umduğu bir şey olur həmişə. Tarixi bir nəslin nümayəndəsi, nüfuzlu bir teatr adamı kimi nələrəsə təsir etmisizmi? Sözünüz keçirmi?
- Azərbaycan professional teatrının təməlini qoymuş, həyatını teatra həsr etmiş bir nəslin davamçısı kimi Azərbaycan teatrının halına laqeyd qalmam mümkün deyil. Çox səlahiyyətli adamlarla görüşüb danışdım. Bu müsahibədə söylədiklərimi onların kabinetlərində üz-üzə dilə gətirdim, amma eşitmədilər.
Məndən soruşurlar ki, niyə Azərbaycandan çıxıb getdin? Mənim cavabım qısadır: sözünün eşidilmədiyi yerdə sözünü dəyişməyin mənası yoxdur, yerini dəyişməyin mənası var. Mən də elə bir yerə getdim ki, orada mənim sözümü sonuna qədər dinləyirlər. Türkiyə Cümhuriyyətində, Adana şəhərində 21 ildir ki, universitetdə dərs deyirəm, 120 dən çox məzunum var və onlarla böyük şəhər bələdiyyə teatrını yenidən qurduq. Rəyasət heyəti üzvü olduğum Adana “Altın koza” kino və “Bələdiyyə teatrları buluşması” festivallarının keçirilməsində çox yardımım olur. Mənim tələbələrim Türkiyənin müxtəlif teatrlarında işləyir, seriallarda, filmlərdə çəkilirlər. Meyvə yemək üçün öncə ağac əkməlisən, bir təməl inşa etməlisən ki, sonra sənin sözün eşidilsin.
Türkiyədə teatrımızda tamaşalar hazırlayıram. Doğrudur, Mədəniyyət və Turizm Nazirliyi bizim tamaşaları Bakıya gətirmək istəmir. Şəki Festivalına gəlmək istədik, dedilər ki, 30 nəfər çoxdur, amma Gürcüstandan gələn 40 nəfərlik kollektivi gətirirlər Azərbaycana. Hansı məntiqlə qurulub bu hesab, bəlli deyil. Mən Azərbaycan teatrını və mədəniyyətini 20 ildir Türkiyədə bizim diaspora yolu ilə təmsil edirəm. Teatrdakı işim, sənətdəki vəznim və peşəkar əxlaqım göz önündədir. Amma Mədəniyyət və Turizm Nazirliyi bu iyirmi il ərzində bir dəfə də məni keçirilən teatr festivallarına, konfranslarına dəvət etməyib. Sadəcə keçən il beynəlxalq konfransda oldum, o da anam Nəsibə xanımın yubileyi ilə bağlı dəvət olunduğum üçün. Azərbaycan teatrının 140 illik yubileyi keçirilir, teatrın qurucularından birinin, sənət adamı olan nəvəsi dəvət olunmur?... Bu teatrın yaranması uğuruna babam Cahangir Zeynalova geri düşüncəli insanlar tərəfindən ölüm hökmü kəsilib, atəş açılıb… Tədbirlər olur, mənim adıma dəvət gəlmir. Niyə? Bəzi adamlar kimi mən Mədəniyyət nazirliyinin üzünü utandırdığıma görəmi? Yoxsa, professional səviyyəmin və biliyimin onlardan aşağı olmasımı səbəbdir... İstəyirəm, bunları yazasınız. Məndən xahiş ediblər ki, çox sərt danışmayım, amma belə ədəbsizlik dərəcəsində olan hörmətsizliyə və laqeydliyə susmaq olmaz ki... Birdəfəlik anlaşılmalıdır ki, şəxsi ambisiyalarını kənara qoyub Azərbaycan teatrını layiq olduğu səviyyəyə yüksəltmək lazımdır. Bunu tələb etməyə mənim mənəvi haqqım var. Bəli imkanlar var, amma bu imkanları məhdudlaşdıran insanlar var. Stalinin bir sözü vardı; kadrlar hər şeyi həll edir. Doğru kadrı doğru yerə qoyunca, problemlər çözülər.
- Cahangir müəllim, bu gün burada nə olsa siz işləmək, yaşamaq üçün vətənə qayıdarsız?
- İnsaf, dürüstlük, ədalət.
- Bizim buradakı teatr adamlarından ziyalılarından nə umursuz?
- Mən nə uma bilərəm? Ziyalı əlinə bayraq götürüb küçələrə çıxa bilməz ki? Ziyalıdır bu. Onu eşitmək lazımdır. Bəzən kimsənin ağlına belə gəlməyən çözümlər təklif edər onlar. Amma eşitmək istəməyənlər var. Ya da cılızlıqlarından söylənənləri idrak etməyə səviyyələri yetməyənlər. Necə deyirsiz siz: “Əlaqədar təşkilatlar”. Nə deməkdi axı “əlaqədar təşkilatlar”? Bu sözlərlə tənqid etdiyin zaman, bütün sistemi hədəfə alırsan amma. Oradakı problem isə tək bir adamdan, onun təqsirindən ola bilir. Kürkə birə düşdüyündə canlıya zərər verməmək üçün birələri tək-tək təmizləmək gərək. Sanıram bəlkə də vəzifələrə gerçək ziyalı ruhlu adamları qoysalar daha doğru olur.
-Bura ilə bağlı başqa bir layihəniz varmı?
- Yoxdur. Hələ ki, elə bir təklif filan olmayıb. Varmı başqa sualınız?
- Var. “Ac həriflər”də Hüseynağa Atakişiyevlə oynadığınız iki aktyorun kələyi səhnəsində “bax elə ona görə də hələ də prostaksan” replikası aktyora toxunur. Halbuki, rol sözüdür. Bu məqamlar necə tapılmışdı? Ümumiyyətlə, səhnədə belə şeylər olurmu? Olurmu ki, partnyorun ikimənalı dediyi replika toxunsun aktyora?
- Hüseynağa ilə biz bir kursda oxumuşuq. Səhnədə də həyatda da bir-birimizi yaxşı anlayırdıq. Siz bizim institutdakı etüdlərimizi görərdiz. Şəki teatrında hazırladığımız Dürrenmatın “Meteor” tamaşasında oyunumuza baxardınız. Vaqif Səmədoğlugil dostlarla gəlib məhz bizim oynadığımız hissəyə baxırdılar bəzən. Zaman-zaman dərs deyərkən yadıma düşür Hüseynağa ilə etüdlərimiz. Tələbələrimə sənətimizin mahiyyətini, təbiətini anlatırkən misal gətirirəm çalışmalarımızı. İndi başa düşürəm, dahiyanə işlər idi, vallah... Bilirsiz, aktyor orqanik olanda, obrazı hiss edəndə, yazıçının fikrində olan, amma yazmadığı məqamları görə bilir. Anam Nəsibə Zeynalova oynadığı obrazlara nə qədər öz sözlərini əlavə edirdi. Bu hamısı aktyor yaradıcılığının ayrılmaz bir hissəsidir...