Cahangir Hacıyev niyə istefa verdi? (VİDEO)
19.03.2015 979 0.0 0

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb. Cahangir Hacıyev ölkənin ən məşhur və ən təcrübəli bankirlərindən biri sayılır. Onun istefasının rəsmən açıqlanan səbəbləri və irəli sürülən iddialar bir-birindən kəskin fərqlənir.

ANS TV-nin məlumatıan görə, Beynəlxalq Bankın yaydığı rəsmi məlumatda deyilir ki, Cahangir Hacıyev səhhətilə əlaqədar tutduğu vəzifədən istefa verib. İdarə heyəti onun ərizəsini təmin edib. İdarə heyəti sədri vəzifəsini isə müvəqqəti olaraq birinci müavin, Emil Mustafayev icra edəcək. 

İclasda Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edib və qurum ölkənin ən iri bankının inkişafına gələcəkdə də dəstək vəd edib. Rəsmi səbəbə baxmayaraq ekspertlərin versiyaları müxtəlifdir. Bəziləri bankın problemli kreditlərinin həddən artıq çox olduğunu, bəziləri isə əksinə, Cahangir Hacıyevin daha yüksək vəzifəyə təyin oluna biləcəyi ehtimalını irəli sürür. İkinci ehtimala əsas kimi isə bu göstərilir ki, hökumət Cahangir Hacıyev kimi bir mütəxəssisi belə asanlıqla itirməz.

Cahangir Hacıyev 26 oktyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin, şərqşünaslıq fakültəsində, Texas Universitetinin, Menecment, beynəlxalq ticarət, maliyyə və hüquq fakultəsində, Hollandiyanın Xarici Əlaqələr Nazirliyi nəzdində kurslarda təhsil alıb. Bank sektoruna qədər ərəb dili üzrə tərcüməçi, Ticarət Nazirliyində müxtəlif vəzifələrdə və özəl şirkətdə çalışıb. 1995-ci ildən Azərbaycan Beynəlxalq Bankında fəaliyyətə başlayıb, 2011-ci idarə heyətinin sədri olub. Rus, ingilis və ərəb dillərini bilən Cahangir Hacıyev ölkənin aparıcı bank mütəxəssislərindən sayılır.

Səslənən fikirlərdən biri isə budur ki, bu qərar Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsilə bağlı ola bilər. Hazırda bankın səhmlərinin 51,07%-i Maliyyə Nazirliyinə, qalanları isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur. Qurumun tamamilə özəlləşdirilməsi uzun müddətdir müzakirə mövzusudur.

Ölkənin ən böyük bankı olan Beynəlxalq Bank 1992-ci ildən fəaliyyətə başlayıb. 590 milyon manat nizamnamə kapitalı və 14 mindən artıq işçisi olan bank 900 mindən çox müştəriyə xidmət edir. 35 filialı ilə ölkədə ən geniş bankomat və pos-terminal şəbəkəsinə malikdir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar