Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov son söz deyib.
O, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib: "Heç bir mütəşəkkil dəstənin üzvü deyiləm. Bankın kredit məsələsinə və onun idarə edilməsinə heç bir aidiyyətim yoxdur. Yalnız bankla müqavilə əsasında mühafizəni təşkil etmişəm. Mənim işim bankın obyektlərini qorumaq, avadanlıqlara nəzarət etmək olub. Bununla bağlı bankın İdarə Heyətində təmsil olunan Emil Mustafayevə və Akif Əliyevə hesabat vermişəm. İşçilərimin adına götürülən kreditlər layihələrə xərclənib, onların adına olan kreditlərdəki məbləğlər tam ödənilib, yalnız faiz borcları qalıb. Belə olan halda bizi hansı səbəblə mənimsəmədə ittiham edirlər? Mənimsəmək fikrimiz olsaydı, bu kreditlərin heç birini ödəməzdik. Həm məhkəmə istintaqında, həm də ibtidai istintaqda mənə qarşı irəli sürülən ittihamların heç biri sübuta yetirilmədi, buna görə də məhkəmədən haqqımda bəraət hökmü çıxarılmasını xahiş edirəm".
Sonra C. Hacıyev son söz deyib. O da barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "İstintaq 1 il 5 aydır, davam edir. İstintaq dövründə mənimsəmə ilə bağlı heç bir fakt sübuta yetirilməyib. 2015-ci ilin aprel ayında bir zənglə istintaqa çağırılmışam. Həmin vaxt xaricdəydim, geri qayıtdım. Mənimsəmədə hansısa formada iştirakım və ya cinayətim olsaydı, qayıtmazdım. Mayın 2-də barəmdə cinayət işi açıldı, uzun müddət istintaqla əməkdaşlıq etdim. Dekabrda isə barəmdə həbs qərarı çıxarıldı, qanunsuz olaraq saxlanıldım. Cinayət işini Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin aparması da absurd idi. Çünki bu idarədə bank işini heç kim bilmir. Necə ola bilər ki, mənim köməkçim Emil Mustafayev şikayəti prokurorluğa deyil, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə verib. Mən Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rol oynamışam. Məsələn, Rusiyanın böyük şirkəti olan "Qazprom"la saziş bağlamışam. Sonradan Maliyyə Nazirliyi bu işi pozdu, müqavilə ləğv olundu. Albaniyada olan zavodlar da Beynəlxalq Bankın sərmayələri idi, ancaq Maliyyə Nazirliyi bu işi də pozdu. Buna görə Azərbaycan 350 milyon dollar ziyan etdi. Ümumiyyətlə, mənim gördüyüm işlər göz qabağındadır. Mən buna görə fərəh hissi keçirirəm. Bu cinayət işi başlayandan sonra minlərlə adamın ölkədən çıxışına qadağa qoyulub.
Mənim ailə üzvlərimə qarşı da qanunsuzluqlar etdilər. Bacımın bu işlə nə əlaqəsi var ki, onun ölkədən çıxışına qadağa qoyublar? Anam rəhmətə getdi, ortada miras məsələsi vardı. ASAN Xidmət vəsiyyətlə bağlı heç bir sənədi qəbul etmədi. Londona həyat yoldaşımın arxasınca əməliyyat qrupu göndərdilər. Apardıqları ittihamı London interpolu qəbul etmədi, çünki əsassız idi. Gətirərdiniz də Zamirə Hacıyevanı, niyə gətirə bilmədiniz? O vaxt Zakir Nəsirovla Hacı Məmmədov həyat yoldaşımın azad olunması üçün məndən 20 milyon manat tələb ediblər. Mən pul mənimsəsəydim, o pulu verərdim.
Cinayət işi 21 cilddən ibarətdir, 38 nəfər əleyhimizə ifadə verib, ekspertizalar keçirilib, amma yenə də ortada mənimsəmə ilə bağlı bir sübut yoxdur. Deyirlər ki, mütəşəkkil dəstəsiniz. Burda mənimlə ittiham olunan elə şəxslər var ki, onları mən bir, ya iki dəfə görmüşəm".
C. Hacıyev ailə üzvlərinin adına limitsiz kredit kartlarının ayrılmasına da münasibət bildirib: "Prokuror deyir ki, guya plastik kartlarla 48 milyon mənimsəmə var. Guya bu məbləğ təyyarə biletlərinə, gözəllik salonlarına xərclənib. Həmin məbləğlə gərək, hər günün 24 saatını təyyarədə uçasan ki, bu pul xərclənsin. Ailəmin xərclədiyi pulların hamısını mən ödəmişəm. Bu ittihamlar hamısı əsassızdır".
C. Hacıyev çıxışında maliyyə naziri Samir Şərifovu da ittiham edib: "Mənə qarşı haqsızlıqların səbəbkarı birbaşa maliyyə naziri Samir Şərifovdur. İttihamda qeyd olunan məbləğlərin kimin tərəfindən mənimsənildiyi məlumdur. Bu iş niyə araşdırılmır? İş adamı Bülənt Kara niyə istintaqa çağırılmadı? Cinayətkarlar azadlıqdadır. İstintaqda Ramil Usubov, Zakir Qaralov və maliyyə nazirinin müavini Azər Bayramovla müzakirə aparılıb. Orda Azər Bayramov qeyd etdi ki, pulların hamısı kreditlərə yönəldilib. İstintaqda tələb etdim ki, bankın audit komitəsinin rəhbəri ifadə versin. Amma bu tələbimi də təmin etmədilər. Prokuror mənə 17 il həbs cəzası istədi. Mənə lap 117 il də verilsə, vecimə deyil. Amma yanımda mənim kimi günahsız olan şəxslərə də 11-14 il həbs cəzası istənilib. Bu, haqsızlıqdır. 21-ci əsrdəyik, internet dövrüdür, insanlar oturub nələrisə araşdıra bilər. Guya mənim milyonlarla pulum, villalarım, təyyarələrim var. Bəzi KİV yazıblar ki, guya mənim İngiltərədə lordlar yaşayan yerdə evim var. Hanı?
Mən məhkəmədən xahiş edirəm ki, cinayət işi istintaqa qaytarılsın, bu işi aparan müstəntiq və prokurorlar barəsində xüsusi qərardad verilsin. Ümumiyyətlə, mənimsəmədə əli olan şəxslər həbs edilsin. Bizə isə bəraət verilsin".
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur./apa/