Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanuni müddətdən artıq saxlanması barədə vəkili Aqil Layıcovun verdiyi şikayətə baxılıb.
Məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qanunsuz hesab edilib və şikayət təmin edilib.
Məsələ ilə bağlı açıqlama verən A. Layıcov bildirib ki, müvəkkilinin dekabrın 30-dan bu il yanvarın 21-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması doğru hal deyil: “Qanunla Cahangir müəllim idarədə cəmi 10 gün saxlanıla bilər. Ancaq o, Cinayətkarlıqla Mübarizə İdarəsində 20 gündən daha çox saxlanılıb. Qanunla həmin müddət ərzində baş tutan dindirilmələr və proseslər də qanunsuzdur. Məhkəmə də bizim bununla bağlı şikayətimizi qəbul etdi”.
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev ötən ilin dekabr ayının 5-də həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin mətbuat ximətinin məlumatında bildirilirdi ki, C.Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
Sabiq sədr ötən ilin mart ayının 18-də istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb. Sabiq sədr bir neçə dəfə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.
Vəzifəsindən azad edilən Milli təhlükəsizlik naziri Eldar Mahmodovun qudası - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə - “Bandotdel”ə sonuncu dəfə 2015-ci il oktyabr ayının 19-da çağırılıb.
Cahangir Hacıyev “Bandotdel”ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib. Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib./anspress/