“İki aydır ki, maaşımız verilmir. Özü də bu vəziyyət təkcə bizim məktəbdə deyil, rayonun digər kəndləri, ümumiyyətlə, bütün rayon məktəblərində oxşar hal yaşanır”.
Qazeta.info bildirir ki, bunu virtualaz.org saytına müraciət edən Cəlilabad rayonu, Vənlik kənd orta məktəbinin müəllimləri deyib.
Onların sözlərinə görə, məktəbdə çalışan pedaqoji işçilər axırıncı dəfə sentyabrın birinci yarısında maaş alıblar: “Sentyabrın 15-də keçən tədris ilinin pulunu almışıq. O vaxtdan bəri bizə pul verilməyib. Hamımızın dolanışığı çətindir, ödəniləcək kreditlərimiz var, amma pul tapa bilmirik”.
İşdən qovulacaqlarından narahat olan və buna görə də adlarını açıqlamayan müəllimlər vurğulayıb ki, maaşlarının niyə gecikməsi ilə bağlı müdiriyyətdən də heç bir cavab ala bilməyiblər: “Belə şayiələr də var ki, məktəbin üzərinə “haqq” qoyulub. 5 min manat tələb olunur. Bu pul da bizim maaşımız hesabına yığılır. Ona görə pulsuz qalmışıq”.
Qeyd edək ki, rayonun digər kəndlərində də eyni vəziyyətdir. Məsələn, Günəşli kənd 2 saylı orta məktəbin müəllimləri də iki aydır maaş üzünə həsrətdir. Çox maraqlıdır ki, müəllimləri sonuncu dəfə sentyabr ayında maaş almış bu məktəbdən gələn məlumatlarda da tədris ocağının üstünə “5 min manat haqq” qoyulmasından danışılır.
Məktəbdəki vəziyyətlə bağlı Təhsil Nazirliyinə müraciət etdik.
Nazirlikdən virtualaz.org-un sorğusuna cavab olaraq bildirildi ki, yerli təhsil şöbələri və onların tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən maliyyələşdirimir: “Eyni zamanda müəllimlərə əməkhaqqı və sosial müdafiə xarakterli digər ödəmələrin vaxtlı-vaxtında ödənilməsi, həmçinin gələcəkdə belə hallara yol verilməməsi ilə bağlı bütün şəhər (rayon) təhsil idarə və şöbələrinə, o cümlədən Cəlilabad Rayon Təhsil Şöbəsinə rəsmi qaydada tapşırıqlar verilib”.
Müəllimlərin maaşının gecikməsinin səbələrinə və "5 min manat haqq" iddiasına aydınlıq gətirmək üçün Cəlilabad Rayon Təhsil Şöbəsi ilə də əlaqə saxlamağa çalışdıq, amma telefon zənglərimiz cavabsız qaldı.