Bu gecə ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun qarşı tərəfin hərbi mövqelərinə endirdiyi zərbələr nəticəsində Ermənistan ordusunun daha üç hərbçisi yaralanıb. Məlumata görə, bu barədə jurnalistlərə Ermənistan Müdafiə Nazirliyinin hərbi tibbi idarəsinin rəisi Kamavor Xaçatryan məlumat verib.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Bu gecə Ermənistan ordusunun bir hərbçisi də ölüb. Ölən 1996-cı il təvəllüdlü Ayk Minasyandır.
Ötən gecə də ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.
Azərbaycan Müdafiə Nazirliyi də bu gecə cəbhədə baş verənlərlə bağlı məlumat yayıb. Nazirlikdən bildiriblər ki, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq ermənilərin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Ermənistan əsgərinin silah-sursatı
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib./anspress/