Ölkədə olan bütün torpaq sahələrinin elektron kadastr uçotu hazırlanır. Bu məlumat bazasında torpaqların təyinatından tutmuş onun münbitliyinə qədər bütün göstəricilər əks olunacaq.
Elektron kadastr sərhədlərin müəyyənləşdirilməsi, ayrı-ayrı şəxslər arasında ərazi bölgüsünə görə fikir ayrılıqları və digər hallarda köməyə gələcək.
ANS TV-nin məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi artıq Bakı və Sumqayıtın müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Onların rəqəmsal kadastr xəritələri tərtib edilib. Bu bazada hər bir torpaq sahəsi, onların üzərindəki tikili barədə ətraflı məlumatlar toplanıb.
Kadastr və ünvan reyestri xidmətinin rəisi Ramiz Quliyevin sözlərinə görə, hazırda Gəncə şəhərində və Şəki rayonunda da bu işlər görülür və 2016-cı ilin birinci yarımilliyində bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaqdır: “Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın iki il ərzində daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq”.
Rayonların Rəqəmsal Torpaq Xəritələri də tərtib edilir. Torpaq uçotu yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin isə bələdiyyə xəritələrinin tərtibinə hazırlıq gedir.
Ölkənin 4 milyon hektar ərazisini əhatə edən elektronlaşdırma işi yaxın 4 ay ərzində, kadastr fəaliyyəti isə 2020-ci ilədək başa çatacaq./anspress/