Özümə tam arxayın idim. Oyun çox normal keçirdi. Tam hazırlıqlı idim. Rəqibim ikiqat dünya çempionu olsa da, normal döyüşürdüm və qalib gələcəyimə inanırdım.
Bunu Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda bürünc medal qazanmış Asiman Qurbanov deyib.
O bildirib ki, xal hesabında da rəqibimi üstələmişdim: "Sadəcə, kiçik bir səhvimlə rəqibə 3 xal verdim. Ani duruxdum və bu da rəqibin məni 1 xal üstələməsi ilə nəticələndi və qızıl medaldan məhrum oldum. Amma yenə də sevinirəm ki, medalsız qalmadım. Qarşıma məqsəd qoydum və bürünc medalı qazandım. Avropa çempionuyam. Hədəfim Olimpiya və dünya çempionu olmaqdır".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/