Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri barədə məlumat yayıb.
Qazeta.info xəbər verir ki, Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub.
Həmçinin, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.
Məlumata görə, 2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib.
Nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.