Bu ilin ilk qəbul imtahanı keçiriləcək
03.03.2016 442 0.0 0

Martın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının I mərhələsini keçirəcək.

 

TQDK-dan verilən xəbərə görə, imtahanda iştirak etmək üçün 24 110 bakalavr ərizə təqdim edib. Onlardan 21822 nəfəri Azərbaycan, 2543 nəfəri isə rus bölməsinin məzunlarıdır. İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılacaq. 

 

İmtahanlar saat 13.00-da başlayacaq və saat 15.30-da başa çatacaq. Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılacaqlar. Həmin bakalavrlar 2016-cı il mayın 3-dən 10-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

 

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. İmtahanda bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra - iyunun 9-dan 19-dək olan müddətdə aparılacaq. İxtisaslaşma seçiminə imtahanın iki mərhələsi üzrə topladıqları ümumi bal (balların cəmi) ilə yanaşı, ixtisas üzrə topladıqları bal da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılacaqlar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar