Bu gün SSRİ və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür.
Bildirək ki, Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirib.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əslinin partiyalarını məharətlə ifa edən Z.Xanlarova estrada müğənnisi kimi daha çox uğurlar qazanıb. O, “Şahnaz”, “Qatar”, “Bayatı-Şiraz” təsniflərinin, habelə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev və digər bəstəkar mahnılarının mahir ifaçısıdır. Müğənninin özü də bir neçə mahnı bəstələyib.
Z. Xanlarova 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F. Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Ümumittifaq “Qızıl val” mükafatı laureatı, Əlcəzair və Özbəkistanın fəxri vətəndaşıdır. 1967-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına layiq görülüb.
Müstəqil Azərbaycanın “İstiqlal”, “Şöhrət” və "Heydər Əliyev" ordenləri ilə təltif edilən Z. Xanlarova XI və XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı olan Z. Xanlarova 2015-ci ildə yenidən millət vəkili seçilib. /apa/