Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Coşqun Cəbrayılovu Bakının Nizami, Elgin Həbibullayevi Nərimanov və Elxan İbrahimovu Kürdəmir rayon icra hakimiyyətlərinin başçısı təyin olunub.
Qazeta.info Trend-ə istinadən yeni təyin olunan icra başçılarının dosyelərini təqdim edir:
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan İbrahimov yeni təyinatadək Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələr tutub.
Məlumata görə, Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 3 övladı var.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Həbibullayev isə 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes Məktəbinin idarəetmə proqramının məzunudur.
Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır.
Ailəlidir, iki övladı var.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunub.
Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.