Təbiəti canlandıran, hava ilə yanaşı insanların qəlbini də isidən yaz fəslinin astanasındayıq. Bu gün yazın ilk sorağını verən su çərşənbəsidir. Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi hesab olunur. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
Bu çərşənbə suya inanmaq inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verər, il boyu xəstəlikdən uzaq olar.
Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalı, şirniyyat, quru meyvələr düzülməlidir. Bu günün əsas yeməyi mərci plovdur. Eyni zamanda, su çərşənbəsində süfrənin bəzəyi lobya xörəkləri sayılır.
Azərbaycan Milli Elimlər Akademiyasının mərasim folklor şöbəsinin böyük elmi işçisi Atəş Əhmədov bildirir ki, qədim zamanlardan ilin bu vaxtında daha çox xəmir xörəklərinə də üstünlük verilib.
Su çərşənbəsinin spesifik yeməyi olaraq məhz hansı yeməyin bişirilməsindən danışarkən folklorşünas bunun bölgələrdən aslı olaraq dəyişdiyini bildirdi. Adət-ənənələrə toxunaraq Atəş Əhmədov onu da qeyd etdi ki, su çərşənbəsində səhər tezdən həyəti su çiləyirlər ki, il bərəkətli keçsin.
Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də birlikdə mehriban qarşılasınlar.
Novruz çərşənbələri özünün əyləncəli fal mərasimləri ilə də məşhurdur. Xüsusi ilə su çərşənbəsində qızların-qadınların bir araya gəlib baxdıqları fallar mövcuddur.
Fal həvəskarları lal axan su dərələrindən su gətirir, 2 iynənin arxasına pambıq bağlayıb suya buraxır. Əgər iynələr bir tərəfə getsə, deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır.
Su çərşənbəsinin xüsusi yeməyi hesab edilən mərci plovun hazırlanma qaydası.
Lazım olan ərzaqlar:
500q xırda doğranmış qoyun əti
3 stəkan düyü
1 stəkan yaşıl mərci
3 x.q. ərdilmiş kərə yağı
3 ədəd baş soğan
0.5 ç.q. zəfəran
0.5 ç.q. darçın
Duz və istiot zövqə görə.
Mərci təmizlənib yuyulur və 2-3 saat ərzində soyuq suda isladılır. Sonra həmin mərci ayrıca duzlu suda yarımhal bişirilir. Zəfəranın üstünə azca qaynar su tökülüb dəmə qoyulur.
Adi qaydada düyünü suda çox bişməmək şərti ilə bişirilir, süzmək istədikdə isə mərci də ona qatılıb birlikdə süzülür.
Üzərinə zəfəran suyu əlavə edilir.
Qazana az yağ töküb əridilir. Süzülmüş düyüdən töküb qatıq ilə yumurta qarışığını da əlavə edib qarışdırırıq. Qazanın dibinə qalınlığı 1 sm yayıb hamarlayır qazmaq hazırlayırlar.
Düyü ilə mərci qarışığını qazmağın üstünə töküb yağ əlavə edib dəm almağa qoyulur. Plov 1 saata dəm alacaq.
Aşın üstü üçün əti duzlu suda bişirilir. Yağa düşəndə isə ədəvalar vurulur. Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qızardılır.
Sonra bişmiş ət soğanın üstünə əlavə edilib qovurulur. Hazır olmağa az qalmış duz, istiot, darçın əlavə edilir.
Əti qovurduqdan sonra dəm almış düyü qaba təpəcik şəklində yığılıb üstünə qazmaq və ətdən töküb qaynar yağ əlavə edilib süfrəyə verilir./anspress/