Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan Milad bayramında İsa peyğəmbərin anadan olması qeyd edilir.
Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər.
Katoliklər dekabrın 25-də Miladı qeyd edirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Bəziləri isə bunu tam başqa səbəblərlə - yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər.
İsanın anadan olması haqqında İncilin Əhdi-Cədiddə məlumat verilib. İncilə görə, İsanın anası Məryəm adlı qadın olub. Məryəm Cozef adlı dülgərlə nişanlı olub. Lakin Məryəm bakirə ikən hamilə qalıb. Bu zaman mələklər Məryəmə bir oğlan doğacağı haqqında məlumat veriblər. Digər inanclara görə, mələklər həm də Cozefi inandırıblar ki, Məryəmi qovlamasın, onunla evlənsin. İsanın doğulduğu yerə ilk olaraq gəlib çatması haqqında da müxtəlif inanclar mövcuddur. Bəzi dini kitablarda yazılır ki, bu yeri çobanlar tapıblar. Amma Metyudan olan İncildə isə “ulduzların göstərdiyi yolla” İsanın doğulduğu yerə gəlib çıxan müdriklərdən bəhs olunur. Məryəm və Cozef uşaq doğulana qədər Vifleyem şəhərinə gedirlər. Çünki öz ata evini tərk etmiş Cozef Roma imperatorunun əmri ilə keçirilən siyahıyaalmada iştirak etməliydi. Odur ki, Məryəmlə Cozef İordan çayının kənarı ilə yola çıxırlar. Amma onlar Vifleyemə gəlib çatanda şəhər mehmanxanasında yer tapılmır. Mehmanxana sahibi onlara öz evinin yaxınlığında dağdakı mağarada, atların saxlandığı yerdə gecələməyə icazə verir. Məryəm məhz bu cür səs-küylü, heyvanların qaldığı bir pəyədə öz uşağını dünyaya gətirir.
Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir. İlk dövrlərdə bayram indikinə nisbətən fərqli keçirilirmiş. Əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi. İlk dəfə Roma Papası Yulinin dövründə (IV əsrin birinci yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq Miladı dekabrın 25-də qeyd etməyə başlayıb. Lakin Milad – yalnız xristian bayramı kimi qəbul edilmir. Onun köklərinə yəhudilərin Xanuki, qədim yunanların festivallarında, druidlərin inanclarında da rast gəlmək mümkündür.