Bu gün Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
Qazeta.info bildirir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında”adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur.
Müəllimlər günü dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə qeyd edilir.
Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Türkiyədə 24 noyabr, Çində 28 sentyabr, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Albaniyada isə 8 mart tarixlərində Müəllimlər günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Qazeta.info olaraq bütün Azərbaycan müəllimlərini təbrik edirik!