Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür. O, 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. İlk orta təhsilinə 1994-cü il şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbində başlayan Milli Qəhrəmanımız, 2005-ci ildə həmin məktəbdə orta təhsilini başa vurub.
Elə həmin il həqiqi hərbi xidmətə çağırılan Mübariz İbrahimov əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb.
Daha sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan qəhrəman onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Prezidenti İlham Əliyev Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhrəmancasına həlak olduğu göstərilib, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə və rayonun küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilib.
Məlum olduğu ki, baş vermiş atışma zamanı şəhid olan Mübariz İbrahimovun nəşi erməni ordusunun nəzarətində olan Azərbaycan ərazisində qalmışdır.Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqlar nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan Ordusunun giziri İbrahimov Mübariz Ağakərim oğlunun nəşi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınaraq, noyabrın 7-də İkinci Fəxri xiyabanda dəfn olunub.
Xatırladaq ki, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılmışdı.
Ad günün mübarək xalqın qəhrəman oğlu!