Dollara təsir edəcək kritik məlumatlar açıqlanacaq
Bu gün dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaq. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıb. ABŞ-da məşğulluğun artması FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır.
Sputnik Azərbaycan Marja-ya istinadən xəbər verir ki, ABŞ-da kənd təsərrüfatı xaric, məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq. Bu ölkədə fevralda məşğulluğun 200 min nəfər artacağı gözlənilir. Yanvarda da məşğulluq 200 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti barədə məlumatı açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin fevralda 4,0%-ə düşəcəyi proqnozlaşdırılır. Yanvarda işsizlik 4,1% təşkil etmişdi.
Həmçinin saatlıq maaşların aylıq və illik artım nisbətləri də açıqlancaq. Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir.
Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
ABŞ Mərkəzi Bankının (FED) bu il ilk dəfə faizləri mart ayında artıracağı gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcək və bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir./Sputnik/