Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Bununla əlaqədar yaxınları, ailə üzvləri, dostları, həmkarları, ANS-çilər və sadəcə onu tanıyanlar Şəhidlər Xiyabanında Çingiz Mustafayevin məzarını ziyarət edib.
Milli Qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Anspress-in verdiyi məlumata görə, bu gün Azərbaycanın Şəki şəhərində Qafqazın ilk Moto Festivalının açılışı olacaq. Festivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.
Festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaq, o cümlədən, məhşur musiqiçilər - Bon Jovien, Michael Caksonun oxşarının, Rolling Stones və s. canlı ifaları təqdim olunacaq. Təqdbirdə yerli musiqiçilərin də iştirakı gözlənilir.
CAUCASUS MOTO FESTi Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.
Festival çərcivəsində 29 avqust 21:30–22:30-dək Bon Jovienin, 22:30– 23:30-dək Rolling Stonesin, 30 avqust tarixində saat 21:30–22:30-dək isə Michael Caksonun bənzərinin çıxışı gözlənilir. Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.
Xatırladaq ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Çingiz Mustafayev 1991-ci ildən Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayıb. Lakin mövcud senzuraya görə, “215 KL” studiyasını yaratmaq qərarına gəlib. 1992-ci ilə qədər Çingiz Mustafayev bütün döyüş bölgələrindən ən operativ xəbərləri Azərbaycan xalqına çatdırıb. Ölkədə onu müxtəlif reportajları ilə tanısalar da, dünya Çingizi daha çox Xocalıdan çəkdiyi kadrlarla tanıyıb. Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də, Əsgəran rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Çingiz son nəfəsinə qədər kamerasını söndürməyib və beləliklə də ölməzlik zirvəsini fəth etmiş olub. Ölümündən sonra, 1993-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Allah rəhmət eləsin!