Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
24.06.2016 1071 0.0 0

Bu gün Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

Məlumata görə, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

"Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib. 

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir. 

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib.

2000-ci ilin avqustun 22-də Türkiyədə xərçəng xəstəliyindən dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Əbülfəz Elçibəyin hakimiyyəti illərində Azərbaycanın ilk milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq edilməsi də onun adı ilə bağlıdır. 

Onun adını Azərbaycanın müstəqillik tarixinə yazan addımlardan biri də Rusiya qoşunlarının ölkəmizdən çıxarılması oldu. Bu, o vaxt baş verirdi ki, postsovet məkanında yaradılan müstəqil ölkələrin böyük əksəriyyəti imperiya qoşunlarından xilas ola bilmirdi. Amma Əbülfəz Elçibəy bunun nə qədər çətin olduğunu anlaya-anlaya rus qoşunlarını ölkədən çıxarmağa və faktiki olaraq bu qoşunlara məxsus texnikanın Azərbaycanda qalmasına nail oldu./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar