Bu gün Bakı metrosunun 2 yeni stansiyası açılır
19.04.2016 530 0.0 0

Bu gün Bakı Metropoliteninin bənövşəyi xətt üzrə ilk iki stansiyasının istifadəyə veriləcəyi gözlənilir. Məlumata görə, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında tikinti işləri başa çatdırılıb. Artıq adıçəkilən stansiyalardan sərnişinlər istifadə edə biləcəklər.

Bir müddət öncə hər iki stansiyanın eyni vaxtda - 2016-cı ilin ilk yarısında açılması nəzərdə tutulduğu açıqlanmışdı. 
"Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarət olacaq, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift olacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb.
"Memar Əcəmi-2"-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. "Memar Əcəmi-2" - "Bənövşəyi xət"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə "Yaşıl xətt"ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.
Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək.

Eyni zamanda, "Avtovağzal" stansiyasının 8 giriş-çıxışı olacaq. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra "Bənövşəyi xətt" üzrə tikiləcək stansiyaların platformasının uzunluğu 144 metrdir. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə Biləcəri istiqamətinə, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.


Tikintisinə 2011-ci ildə başlanılan metronun "Avtovağzal" stansiyası Bakı Beynəlxalq Avtovağzal kompleksinin ərazisində yerləşdiyi üçün ölkə vətəndaşlarının böyük əksəriyyəti bu stansiyanın açılmasını səbirsizliklə gözləyirdi.

Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

 

 

Yeni stansiyanın layihəsiYeni stansiyanın platformasından görüntü./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar