Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Qazeta.info “Report”-a istinadla xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək və matçlardan yalnız biri paytaxtda baş tutacaq.
Turun açılış matçı Gəncədə olacaq. Nizami yurdunda 7 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz”lə debütant “Səbail” üz-üzə gələcək. Ötən şənbə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən qonaqların düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. Meydan sahibləri isə düşdükləri çətin vəziyyətdən çıxış yolu axtarırlar. Ancaq hazırda 17 xalla 6-cı pillədə qərarlaşan “Səbail” “Kəpəz” üçün heç də arzuolunan rəqib deyil. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv ilk iki dövrədə Gəncə təmsilçisini məğlub edib (1:0, 3:2).
Günün ikinci matçı Sumqayıtda keçiriləcək. Burada şəhərin eyniadlı təmsilçisi lider “Qarabağ”ı qəbul edəcək. Hazırda 44 xalla 1-ci pillədə qərarlaşan Ağdam təmsilçisi ilk iki dövrədə Samir Abasovun rəhbərlik etdiyi komandanı üstələsə də (4:1, 2:0), “Sumqayıt” Azərbaycan Kubokunun 1/4 finalında güclü tərəf olub (1:2, 2:0).
Bu kollektivlərin çempionat matçlarında “Qarabağ” ardıcıl 8 qələbə əldə edib. Son 6 görüşdə ən azı 2 qol vuran Ağdam klubunun rəqib qapısından keçirəcəyi ikinci top bu duellərdə 50-ci olacaq. “Sumqayıt” son üç ev oyununda qol vurmayıb və xal qazanmayıb. Əvvəlki 22 qarşılaşmadan 4-də meydan sahibləri, 16-da qonaqlar qalib gəlib.
“Qarabağ”la duellərin statistikası ürəkaçan olmasa da, “Sumqayıt” qış fasiləsindən sonra daha da inamlı təsir bağışlayır. Hazırda 27 xalla 4-cü pillədə qərarlaşan komanda bu il keçirdiyi 3 görüşdən 2-sində qalib gəlib, 1-də heç-heçə edib.
Bazar gününün ilk qarşılaşması Qəbələdə keçiriləcək. Əyalətdə Roman Qriqorçukun komandasının rəqibi “Neftçi” olacaq. Ötən tur “Səbail”ə uduzmaqla çempionluq yarışında böyük zərbə alan meydan sahiblərinə növbəti büdrəmə baha başa gələ bilər. Hazırda 35 xalla 2-ci sırada qərarlaşan “qırmızı-qaralar” qızıl medallardan əllərini üzməmək üçün qalib gəlməlidirlər.
“Neftçi” isə Azərbaycan Kubokunun yarımfinalındakı rəqibi ilə oyunda ən azı uduzmamağı hədəfləyib. Hərçənd, 20 xalla 4-cü pillədə yer alan “ağ-qaralar” üçün “dördlüy”ə düşmək lazımdır.
Qəbələdəki görüş bu komandaların 39-cu çempionat dueli olacaq. Əvvəlki görüşlərdə qələbə sayında bərabərlik hökm sürür. Tərəflər hərəyə 15 dəfə 3 xala seviniblər. “Neftçi” son 8 görüşdə cəmi 1 qələbə əldə edib. Bakılılar son 3 matçı qolsuz tərk etməyib. “Qəbələ” son 3 ev oyununda qalib gəlib. Meydan sahibləri ilk dövrədəki hər iki oyunda da qələbəni bayram ediblər (2:1, 3:2).
Turun son matçında 32 xalla 3-cü pillədə qərarlaşan “Zirə” 12 xalla 7-ci yerdə olan “Keşlə”ni qəbul edəcək. Bu komandaların əvvəlki 10 çempionat duelindən 7-də heç-heçə qeydə alınıb. Rəqibini 2 dəfə məğlub edən zirəlilər son 6 oyunda qol vurub və uduzmayıblar. “Keşlə” heç vaxt səfərdə qalib gəlməyib.
İlk dövrədə Zirədə baş tutmuş qarşılaşmada bərabərlik qeydə alınıb – 1:1. Əvəzində “qartallar” səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
Azərbaycan Premyer Liqası
XVIII tur
3 mart (şənbə)
15:00. “Kəpəz” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”
4 mart (bazar)
15:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
18:00. “Zirə” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu