Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, Ağdam təmsilçisi İrlandiyada “Dandolk” komandası ilə II təsnifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək.
“Oriel Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I raundda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə daşıyıb – 2:0.
"Dandolk" Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşəcək. Bu rəqib I təsnifat mərhələsində Latviya “Riqa”sını penaltilər seriyasında üstələyib - 5:4.
Son 5 mövsümdə avrokuboklarda qrupa düşməyi bacaran “Qarabağ”ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər – cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeye İrlandiya çempionu ilə görüşlər üçün sifariş olunublar.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Bartoş Frankovski
Yan xətt hakimləri: Marçin Bonyek və Yakub Vinkler
Dördüncü hakim: Daniel Stefanski (hamısı Polşa)
Hakim-inspektor: Peter Froydfeldt (İsveç)
UEFA nümayəndəsi: Şarl Şak (Lüksemburq)
Dandolk. “Oriel Park” stadionu