Sürücülər dil kursları keçiblər.
Bakıya gətirilən 500 ədəd yeni “London taksi”ləri artıq istifadəyə tam hazırdır.
Qazeta.info bildirir ki, “Bakı sərnişin və yük daşımalarının təşkili” MMC-dən Oxu.Az-a verilən məlumata görə, hazırda həmin maşınlar qarajlarda tam hazır vəziyyətdə saxlanılır.
“Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək. Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər”, - deyə, MMC-dən bildiriblər.
Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı təcrübi praktika keçirilib.
Ən əsası isə həmin taksilər pulsuz xidmət göstərəcək. “Ağ taksilər” oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək.
Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da taksilərin xidmətindən istifadə edə biləcəklər.