NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı, general Uesli Klark Rusiyanın dəstəklədiyi separatçıların Ukraynada yeni hücum əməliyyatına hazırlaşdıqlarını bəyan edib.
Bu haqda “Atlantic Council” saytında dərc edilmiş məqalədə bildirilir.
U.Klark bildirib: “İndi baş verənlər şərqdən hücumlara yenidən başlamağa hazırlıqdır”.
İstefada olan NATO komandanının bildirdiyinə görə, hücum Pasxa bayramından sonra, çox güman ki, mayın 8-nə qədər başlayacaq.
U.Klark bu məlumatı Ukraynanın şərqində söhbətləşdiyi çoxsaylı yerli mənbələrə istinadən verib. General bu yaxınlarda Ukrayanda səfərdə olub.
U.Klark hesab edir ki, Obama administrasiyası bu hücumu əngəlləmək üçün indidən hərəkətə keçməlidir. Onun sözlərinə görə, ABŞ Rusiyanın yeni hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarını Ukrayna tərəfinə çatdırmalıdır.
Eyni zamanda Obama administrasiyası Ukraynaya hərbi yardım paketi hazırlamalıdır və bu yardımı yola salmağa hazır vəziyyətdə saxlamalıdır.
Generalın sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çatdırmaq üçün strateji əməliyyat hazırlamalı və Putini çəkindirməlidir: sizin yeni hücumlarınızın ilk əlamətlərini görən kimi biz Ukraynaya yardım, o cümlədən letal (öldürücü silahlar) yardım yola salacağıq.
Hazırda ABŞ administrasiyasının Ukraynaya silah yardımı etmək imkanı yoxdur, çünki bunun üçün Konqresdən icazə alınmalıdır. U.Klarkın fikrincə, əgər bu siyasəti dəyişmək mümkün olmasa, ən azından bu yardımı toplamaq, Ukraynaya doğru hərəkət etdirmək və mesaj vermək olar.
“ABŞ-ın köməyə gəlməsi faktının özü Ukrayna silahlı qüvvələri üçün başdan ayağa adrenalin olacaq” - deyə U.Klark bildirib.
“Onlar bizimlə döyüşürlər. Bütün səviyyələrdə adamlar bu faktı dəqiq dərk edir ki, Qərb sivilizasiyası ilə döyüşürlər”-general əlavə edib.
Uesli Klark deyib ki, hazırda Ukraynanın peyk kəşfiyyatı dəstəyinə, uzaqvuran, mobil tank əleyhinə sistemlərə, teplovizorlarla təchiz edilmiş sistemlərə, taktiki rabitə vasitələrinə, uzaqmənzilli artilleriya radarlarına, pilotsuz kəşfiyyat təyyarələrinə, kəşfiyyat məlumatları toplamaq üçün müasir vasitələrə ehtiyacı var.
U.Klarkın mövqeyinə görə, Moskva Ukraynanı öz orbitinə qaytarmağa hazırlaşır. Lakin onun fikrincə, Putinin daha irimiqyaslı hədəfi var - Şərqi Avropa ölkələrinin NATO tərəfindən etibarlı müdafiə olunduqlarına dair inamını sarsıtmaq, perspektivdə isə ABŞ-la Avropa arasında nifaq salmaq./virtualaz.org/