Rəsmi London Rusiya Baş Kəşfiyyat İdarəsinin hazırda Böyük Britaniyada yaşayan keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatların bir hissəsini ölkədən çıxarmağa başlayıb.
Məlumata görə, bunu baş nazir Teresa Mey parlamentdə çıxışı zamanı bildirib.
O deyib ki, zəhərlənməyə cavab olaraq Rusiyaya qarşı bir sıra tədbirlər görüləcək. Baş nazirin sözlərinə görə, artıq Rusiya diplomatlarının bir hissəsinin Böyük Britaniyadan çıxarılmasına başlanılıb. İlk mərhələdə 23 diplomat Londondan Moskvaya göndəriləcək.
Hökumət başçısı qeyd edib ki, Böyük Britaniya Rusiya ilə bütün əlaqələri dayandırır. Bundan başqa, Rusiyadan Böyük Britaniyaya və Böyük Britaniyadan Rusiyaya səfərlər zamanı gömrükdə yoxlamalar artırılacaq.
T.Mey vurğulayıb ki, şəxsi təyyarələrlə Rusiyadan ölkəsinə edilən səfərlərə nəzarət gücləndiriləcək: "Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatına Britaniyadan böyük nümayəndə heyətinin qatılması nəzərdə tutulurdu. Nümayəndə heyətinin tərkibində kral ailəsinin üzvləri də olmalıydı. Bu səfər də ləğv edilib".
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.
Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.
Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib./Report/