«BP» məhkəməyə verildi-Azərbaycanda
19.03.2015 761 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla bildirir ki, 2015-ci il 5 mart tarixində Xəzər dənizində “İstiqlal” Üzən Dəniz Qazma Qurğusundan “Ultradril” su əsaslı qazma məhlulunun quyunun qazılması zamanı dənizə axıdılması faktı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən operativ qaydada ekspedisiya təşkil edilmiş və hadisə yerində araşdırma aparılmışdır. 
Araşdırma zamanı müəyyən edilmişdir ki, qazma prosesində texnoloji prosesin tərkib hissəsi olan boru kəmərinin quyuya endirilməsi zamanı texnoloji reqlament normalarının pozulması nəticəsində su əsaslı qazma məhlulu 530 metr dərinlikdə dənizin dibinə dağılmışdır. Nazirliyin əməkdaşları tərəfindən məhlul axıdılan yerdən və axıdılma mənbəyinin ətrafından nümunələr götürülmüş, ekotoksikoloji və analitik təhlillər aparılmışdır. Təhlillərin nəticəsinə görə dənizin neft və digər toksiki maddələrlə çirklənməsi aşkarlanmamış, lakin qazma məhlulunun tərkibində aşağı toksikliyə malik maddələrin olduğu müəyyən olunmuşdur. Faktla əlaqədar BP Şirkətinə qarşı 12300 manat məbləğində iddia qaldırılmışdır. 
Məlumat üçün bildiririk ki, hələ 2000-ci illərin əvvəllərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi BP-yə və Azərbaycanda qazma işləri aparan digər təşkilatlara sintetik əsaslı orta və yüksək toksikliyə malik kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. BP-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir. 
ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizində fəaliyyət göstərən karbohidrogen hasilatı ilə məşğul olan obyektlərdə mütəmadi olaraq monitorinq işlərini davam etdirir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar