Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, vəziyyət Həsən Ruhaninin İranda prezident seçilməsinə qədər olan dövrü xatırladır. Hər gün İran-ABŞ, İran-İsrail xəttində müharibə ritorikası qızışırdı. Liberalların hakimiyyətə gəlməsindən sonra nüvə proqramı ilə bağlı gərginlik azaldı, daha sonra bu məsələdə anlaşma əldə olundu və İrana qarşı sanksiyalar aradan götürüldü. Lakin Tramp hələ Ağ Evə köçməmişdən öncə İranla bağlı sərt siyasət yürüdəcəyini ifadə etmişdi. Prezident postuna əyləşən kimi isə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağıraraq, İranın orta mənzilli ballistik raket sınağı keçirməsini müzakirəyə çıxartdı. İrana qarşı yeni cəbhədə ABŞ və İsrail birgə hərəkət edir.
Bununla yanaşı, Vaşinqton məzhəb məsələsinə görə İranın əzəli rəqibi olan Səudiyyə Ərəbistanını da Tehrana qarşı cəbhədə görmək istəyir.
Məlumata görə, Tramp kral Selman bin Abdulaziz el-Suud ilə telefon söhbətində İranın bölgədə təhlükə yaratdığını deyib.
Diplomatik mənbələr Donald Trampla kral Selmanın yaxın dövrdə görüşəcəyini bildiriblər. Görüşdə Yəmən məsələsi müzakirə olunacaq. Lakin əsas məsələ İranla bağlı olacaq. Vaşinqton və Ər-Riyadın İranla bağlı birgə “yol xəritəsi” hazırlayacağı gözlənilir.
İranla bağlı yaranmış situasiya Azərbaycanın da yerləşdiyi bu bölgədə yeni gərginliyin başladığını göstərir. Əvvəlki təcrübəni nzərə salsaq, deyə bilərik ki, İran nə ABŞ, nə də İsrail qarşısında geri çəkiləcək. Bu isə Mahmud Əhmədinejatın İran prezident olduğu dövrdə gözlənilən böyük müharibənin 10 il sonra reallaşması təhlükəsini artırır.