Dünya gücləri beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıran razılaşma əldə ediblər.
ABŞ prezidenti Barak Obama deyib ki, bu razılaşma ilə İran üçün nüvə silahına aparan bütün yollar kəsilib. Onun iranlı həmkarı Həsən Ruhani razılaşmanın İranın dünya ilə münasibətlərində "yeni səhifə" açacağını bildirib.
Razılaşma BMT nüvə müfəttişlərinə, İranın nüvə obyektlərinə geniş, amma birbaşa olmayan giriş imkanı verəcək.
İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb.
"Altılıq" adlanan bu dövlətlər qrupu İranın nüvə fəaliyyətini azaltmasını və beləliklə də, nüvə silahı yarada bilməməsini istəyir.
İran beynəlxalq sanksiyaların qaldırılmasını istəyir və hər zaman deyib ki, nüvə proqramı sülh məqsədləri üçündür.
Nüvə müzakirələrindən sonra kadr
Razılaşma əsasən bunları nəzərdə tutur:
İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər.
İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər.
BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.
Vyanada İranın nüvə proqramı ilə bağlı son danışıqlar iki həftəyə yaxın davam edirdi.
Reaksiyalar
Rusiya prezidenti Vladimir Putin İran nüvə razılaşmasını alqışlayıb və bu haqda belə deyib: "Dünya rahat nəfəs ala bilər".
İran prezidenti Həsən Ruhani İran və dünya gücləri arasında nüvə razılaşmasını alqışlayıb. Öz Twitterində o yazıb ki, razılaşma konstruktiv yanaşmanın işlədiyini göstərib. O, xalqa tezliklə müraciət edəcəyini deyib.
İsrailin baş naziri Benyamin Netanyahu bu razılaşmanı "pis səhv" adlandırıb.
İran və ABŞ-da mühafizəkarlar razılaşmaya qarşı çıxır. ABŞ Konqresi 60 gün ərzində razılaşmanı təsdiq və ya rədd etməlidir, ancaq Obama deyir ki, razılaşmanı bloklama cəhdi olsa, Konqresin qərarına veto qoyacaq.
İsrailin baş naziri Benyamin Netanyahu
Beləliklə İranın BMT silah müfəttişlərinə ölkənin hərbi obyektlərinin yoxlanması icazəsini verməsi ilə Tehran və Qərb arasında uzun sürən məşəqqətli nüvə danışıqlarında son əngəli aradan qaldırıb və iki onillikdir ki, gözlənilən yekun sazişi razılaşdırılıb.
Vyanada keçirillən danışıqların sonuncu mərhələsi çərşənbə axşamının erkən saatlarında başlamışdı.
Heç də mükəmməl olmayan sənəd
Avropa İttifaqının xarici işlər komissarı Federika Moqherini və İranın xarici işlər naziri Cavad Zərif sazişi Qərbin İslam Respublikası ilə münasibətlərində “yeni fəsil” kimi dəyərləndiriblər.
İndi Tehran və dünya qüvvələrini təmsil edən 6 ölkə - ABŞ, Britaniya, Fransa, Rusiya, Çin, Almaniya əldə olunmuş sazişin dekabradək icra olunması üçün “yol xəritəsi”nin texniki detallarını razılaşdırmalıdırlar.
Zarif bu sazişi bütün tərəflər üçün uğurlu adlandırsa da, sənədin kamil olmadığını dilə gətirib.
“Biz hamı üçün heç də mükəmməl olmayan, lakin öhdəsindən gələ biləcəyimiz razılaşma əldə edirik” – deyib İranın xarici işlər naziri.
Xanım Mogherini isə sazişi “bütün dünya üçün ümid yeri” adlandırıb.
Gərgin keçən nüvə müzakirələri
İsrail və ərəb dövlətləri, ələxüsus da Səudiyyə Ərəbistanı narahatdır ki, indi Tehran milyardlarla sərbəst dollarını Hizbullah kimi müttəfiqlərinə xərcləyə biləcək və Suriyadan İraqadək ərəb dünyasında siyasi çəkisini artıracaq.
İsralin baş naziri Benyamin Netanyahu razılaşmanı “tarixi miqyaslara malik səhv” adlandırıb. O deyib ki, bununla da İran nüvə silhına aparan cığıra çıxıb.
Kerrinin 18 günü
Lakin bu razılaşma prezident Barak Obamanın ən böyük siyasi qələbəsi kimi qiymətləndirilir.
Bu sazişin razılaşdırılması dövlət katibi Con Kerrinin 30 illik siyasətçi fəaliyyətinin də ən əhəmiyyətli uğuru sayılacaq. O sazişin razılaşdırılması üçün son 18 günü Vyananı tərk etməyib.
Təhlilçilər sözügedən sazişi müasitr zəmanənin ən böyük nailiyyəti hesab edirlər və onu 1970-ci ildə əldə olunmuş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və START sazişi ilə müqayisə edirlər.
Konqres əngəli
Lakin sazişi Amerika Birləşmiş Ştatlarında böyük əngəl gözləyir. Konqresdə xeyli respublikaçı və demokrat İsrail baş nazirinin narahatlığını bölüşürlər.
Konqresin sazişə baxaraq onu rədd etməsi Barak Obamanın İran üzərindəki sanksiyaları qaldırmaq imkanından məhrum edə bilər.
Lakin administrasiya inanır ki, sazişin Konqresdən keçməsi üçün demokratların kifayət qədər resursları var.
ABŞ dövlət katibi Con Kerri
İran barrelləri neftin qiymətini “öldürə” bilər
İran sazişinin doğurduğu digər narahatlıq isə neft bazarlında baş verə biləcək mümkün yeni təlatümlə bağlıdır. “Finacial Times” qəzeti yazır ki, ilin əvvəllərindən başlayaraq köhnə qiymətinin 60 faizini bərpa etmiş neft yenidən ucuzlaşmağa başlayıb.
Bu, bazarların İrandan axacaq yeni milyonlarla barrel gözləntisi ilə bağlıdır. Neft qiymətləri artıq may ayından bəri 15 faiz düşmüşdü.
Qiymətlərin bundan sonra düşməkdə davam etməsi Rusiya, Qazaxıstan və Azərbaycan kimi ixracatçıları mənfi təsirləndirə bilər.
Bununla belə ABŞ təhlilçiləri İran barrellərinin bazara dekabradək axacağını gözləmirlər. Onlar bildirirlər ki, Konqres və Obama arasında İran sazişi uğrunda çəkişmə uzun sürə bilər.
Azərbaycan XİN da əldə olunmuş razılıqla bağlı açıqlama verib: "Biz, P5+1 və İran İslam Respublikası arasında hərtərəfli fəaliyyət proqramı əsasında danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayırıq.
Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanırıq"./anspress/