Böyük Britaniyada hökumətin fövqəladə iclası çağırılıb
22.02.2022 325 0.0 0

Böyük Britaniyada Baş nazir Boris Consonun sədrliyi ilə hökumətin fövqəladə iclası çağırılıb.

 BBC-yə istinadən xəbər verilir ki, toplantı Ukrayna ətrafındakı durumla bağlıdır.

Bildirilib ki, tədbirdə Böyük Britaniyanın Baş Qərargah rəisi Toni Radakin, müdafiə naziri Ben Uolles, xarici işlər naziri Liz Trass, xarici ticarət naziri Anne-Mari Trevelyan və başqaları iştirak edirlər.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukrayna Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar