Ermənistanın dövlət borcu açıqlanıb. Yerli qəzetlərin yazdığına görə, bu ölkənin noyabrın 1-ə olan dövlət borcu 4 milyard 464 milyon 796 min dolları keçib.
Məlumata görə, Ermənistanda daima yenilənən rekord rəqəm təkcə 1 ay ərzində 15 milyon dollardan çox artıb. Ekspertlər hesab edir ki, Azərbaycanla silahlanma yarışına çıxmış Ermənistan bu vəziyyətə imkanından artıq silah-sursat alması səbəbindən düşüb. Məlumdur ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. İqtisadçılar bildirir ki, son illərdə ölkəyə humanitar yardım adı altında verilən vəsaitlər də azalıb. Hansı ki, rəsmi İrəvan həmişə bu yardımlara ümid bağlayıb. Erməni diasporunun da Ermənistana göndərilən pul axınının xeyli azaltması ölkəni çətin duruma salıb. Ciddi iqtisadi problemlər səbəbindən hökumət parlamentdən növbədənkənar sessiya çağırmağı xahiş edib. Ölkənin mərkəzi bankının intervensiya etməsinə baxmayaraq, erməni milli valyutası dramın dəyərinin düşməsi ilə bu Cənubi Qafqaz respublikasının iqtisadi iflası dərinləşir. Ermənistan hökumətinin gələn il üçün dövlət büdcəsinə yenidən baxılacağı bildirilir. Artıq bəllidir ki, təhsil üçün ayrılan xərclər ciddi şəkildə ixtisar ediləcək. Sosial ehtiyaclar üçün büdcə xərclərinin də azalması gözlənilir.
Rusiyadan Ermənistana fərdi pul köçürmələrinin də payı kəskin azalıb. Yalnız 2014-cü ilin oktyabr ayında erməni miqrantların İrəvandakı ailələrinə göndərdikləri pullar həmişəkindən 32,5 mln dollar az olub. Nəticədə, Rusiyadan transfert alanların gəliri keçən ilin oktyabr ayına baxanda 20 faiz azalıb. Bu, ailə büdcəsi üçün ciddi zərbədir.