Böhrandan çıxışın yolları - EKSPERT
09.09.2016 813 0.0 0
Bütün dünya ölkələrini əhatə edən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan nə etməli idi? Azərbaycan neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir dönəmdə öz iqtisadiyyatını yenidən qurmaq yolunu seçib, bu dəfə onun neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmaq və tam şaxələndirmək yolunu tutdu. Bu yolun düzgünlüyü artıq bütün beynəlxalq maliyyə qurumları və digər müvafiq təşkilatlar tərəfindən təsdiq olunub. İqtisadiyyatın qeyri-neft sektorunun bir neçə əsas istiqaməti üzrə mövcud durumu və bu sahədə aparılan sürətli islahatları bir qədər dərindən təhlil etsək, yaxın perspektivdə Azərbaycan iqtisadiyyatının və onun maliyyə sisteminin neftdən asılılığının tam optimallaşdırılacağına əminlik yaranar. Gəlin real sektorun bir neçə istiqaməti üzrə vəziyyəti və perspektivləri bir qədər araşdıraq.
 
Aqrar sektor
 
Bu sahənin əsaslı şəkildə inkişafı istiqamətində son bir neçə il ərzində görülən işlər yaxın gələcəkdə yüksək nəticələrin əldə ediləcəyindən, sahənin həm daxili bazarın təlabatını tam ödəyə bilmək və həm də ixrac potensialını əsaslı şəkildə genişləndirə bilmək imkanları sürətlə artır. Çünkü bu sahəyə dövlət səviyyəsində diqqət kifayət qədər yüksəkdir, sahənin inkişafını sürətləndirməyə yönəli dövlət dəstəyi isə hər addımda gözə dəyir. Təkcə bir faktı qeyd etməklə bu dəstəyin hansı səviyyədə olduğuna tam əminlik yaranar. Son iki il yarım ərzində ölkə Prezidenti tərəfindən sahənin inkişafını etiva edən 40-dan artıq fərman və sərəncam imzalanmışdı. Bu sıraya kəndli fermer təsərrüfatlarının inkişafına ayrılan güzəştli kreditlərdən tutmuş, məhsulların yetişdirilməsi məqsədilə ayrılan subsidiyaları və digər güzəştləri də əlavə etmək lazımdır. Bu ildən etibarən strateji məhsulların – pambığın, baramanın, tütünün istehsalının ötən illərlə müqaisədə dəfələrlə artırılması və perspektivdə ölkəyə valyuta gətirə biləcək digər məhsul növlərinin istehsalının da bu qaydada inkişaf etdirilməsi, sahənin ölkənin Ümumu Daxili Məhsulundakı payını əsaslı şəkildə artırmağa və ixrac potensialının genişləndirilməsi hesabına ölkəyə kifayət qədər valyuta axınını təmin etməyə əsas verəcəkdir. 
 
Tranzit yükdaşımalar
 
Artıq heç kəsdə şübhə yoxdur ki, Azərbaycan təkcə regionun deyil, dünyanın ən böyük nəqliyyat dəhlizlərindən birinə çevrilməkdədir. Bu gün Azərbaycanın belə  mövqeyə sahib ola bilməsinin təməl daşı Ulu Öndər tərəfindən 1994-cü ildə Bakı-Tibilisi-Ceyhan boru kəməri nəqliyyatının yaradılmasına  dair o zaman üçün reallığına çoxlarının inanmaq istəmədiyi qərarı ilə qoyuldu. Azərbaycanı nəticə etibarılə möhtəşəm tranzit ölkəyə çevirməyi hədəfləyən  həmən strategiya, sonradan çox uğurla Prezident İlham Əliyev tərəfindən davam  etdirildi. Ötən 12 il ərzində bu sektorun əsaslı inkişafını təmin edə biləcək böyük transmilli layihələrin icrası isə Azərbaycanın mühüm bir tranzit ölkəyə çevrilə bilməsinə səbəb oldu. Bakı-Tibilisi-Qars dəmir yolunun bu ilin sonunda istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin yaradılması,  Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istismarına başlanması, Hava Nəqliyyatı vasitəsilə yüklərin daşınmasına xidmət edə biləcək böyük infrastrukturun yaradılması kimi nəhəng işlər Azərbaycanı regionun bu sahədə əsas oyunçusuna çevirdi. Keçən ilin oktyabr ayının 21 də Prezidentin imzaladığı Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında  Fərmanı isə bu sahədə vahid dövlət siyasətinin aparılmasını nəzərdə tutur. İndi hər hansı bir nəqliyyat vasitəsilə Azərbaycan üzərindən yüklərin daşınması tək nəqliyyat növünün sahə maraqlarına bağlı deyil. Burada artıq dövlətin maraqları da ortadadır.
 
Turizm
 
Bu sektorun nə qədər böyük perspektivlərinin olduğu bəllidir. Sahənin inkişafı istiqamətində son illər böyük işlər görülüb. Bu gün Azərbaycana gələn turistlərin sayı sürətlə artır. Biz bu artım templərinə görə indi nəinki regionda, hətta bütün dünyada liderlik mövqeyinə çıxa bilmişik. Bunun bir çox səbəbləri var. Öncə onu deyək ki, son illər ərzində biz ölkəmizin bu sahədəki imkanlarını Azərbaycanda keçirilən bir neçə beynəlxalq tədbirlər (Avroviziya mahnı yarışması, 2015Avropa Oyunları, Formula - 1 kimi yarışlar və başqa beynəlxalq tədbirlər) vasitəsilə bütün dünyaya göstərməklə milyonlarla insanlarda ölkəmizə gəlmək marağı oyada bildik. Digər tərəfdən Azərbaycan bu gün tək regionun deyil, dünyanın ictimai siyasi sabitlik və təhlükəsizlik baxımından ən aparıcı ölkələri sırasındadır. Dövlət başçısının cari ilin 1 sentyabr tarixində imzaladığı Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındakı Sərəncamı  isə turizmin inkişafına yeni perspektivlər vəd edir. Yaxın gələcəkdə ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artacağı tam bir reallıqdır. . Daha bir əsas səbəb də Azərbaycanda turistlərin gəlişini asanlaşdıran və stimullaşdıran tədbirlərin miqyası genişlənməkdədir. Viza rejiminin sadələşdirilməsindən tutmuş onların burada edəcəkləri alış-verişlə sərhədlərimizi tərk edərkən Əlavə Dəyər Vergisini geri ala bilmələrinə qədər olan tədbirlər bu sıraya aid tədbirlərdir.
Digər sahələırin, xüsusilə də tikinti sektorunun inkişafı istiqamətində də çox ciddi tədbirlər görülür. Bütün bu addımlar xarici investorların Azərbaycana marağını artırır və onlar Azərbaycan reallıqlarına söykənərək öz kapitallarını məmuniyyətlə bura yatırmaq seçimi edirlər.
 
Beləliklə
 
Azərbaycan dövlətinin yeni iqtisadi şəraitə uyğun seçdiyi yol, kifayət qədər doğru və uğurlu bir yoldur. Bu yol yaxın gələcəkdə ölkə iqtisadiyyatının tam şaxələndirilməsini hədəfləyən yoldur. Bu səbəbdən bütün dünyanı bürümüş iqtisadi böhran və neftin qiymətlərinin kəskin azalması səbəbindən yaranmış müəyyən maliyyə çətinlikləri heç kimi qorxutmasın. Ən əsas olan budur ki, bu gün biz, yaranmış çətinliklərdən çıxışın ən optimal yolları ilə hərəkət edirik. Yaxın perspektivdə aqrar sektordan ixracın, tranzityükdaşımaların həcminin kifayət qədər artırılması, ölkəyə turist və kapital axınının bir neçə dəfə yüksəlməsi hesabına neftli iqtisadiyyatın tam şaxələndirilməsi təmin ediləcəkdir...
 
Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar