"Bütün bu həqiqətlərə baxmayaraq, İsrail hələ də məsuliyyətdən qaçır"
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan haqları üzrə ali komissarı Zeyd Raad Hüseyn, fələstinli İbrahim Əbu Sürəyyanın həlak olması ilə bağlı İsrailin hüquq-mühafizə orqanlarına müstəqil və tərəfsiz istintaq başladılması tapşırığını verib. Sputnik Azərbaycan bu barədə AA-ya istinadən xəbər verir.
Fiziki məhdudiyyətli bir insanın həlak edilməsinin "çox alçaq bir hərəkət" olduğunu deyən BMT-nin İnsan haqları üzrə ali komissarı, Əbu Sürəyyanın İsrailin 2008-ci ildə Qəzzaya endirdiyi hava zərbələri nəticəsində iki ayağını itirdiyini və dekabrın 15-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarına etiraz edən yüzlərlə fələstinlidən biri olduğunu xatırladıb.
"Bütün bu həqiqətlərə baxmayaraq, İsrail hələ də məsuliyyətdən qaçır" — Zeyd Raad Hüseyn bildirib.
Qeyd edək ki, İsrail ordusu keçən cümə 95 fələstinlini yaralayıb. BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı təcili toplantısında, ABŞ-ın veto qoyması səbəbilə İsrail əleyhinə qərar qəbul olunmayıb.