BMT baş katibindən Dağlıq Qarabağ açıqlaması
01.03.2018 1161 0.0 0

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir.

 

“Armenpress”-ə istinadən verilən xəbərə görə, bunu BMT baş katibi Antoniu Quterriş Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zohrab Mnasakanyan ilə görüşü zamanı deyib.

 

“Antoniu Quterriş BMT-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səylərini davamlı olaraq dəstəklədiyini təsdiqləyib”, məlumatda deyilir.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

 

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar