Qazeta.info-ya verilən məlumata görə, BMAM İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yolları mövzusunda Gəncədə ictimai müzakirə keçirib.
Bu gün Gəncə şəhərində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının sosial şəbəkələrdə və mediada təbliği” mövzusunda ictimai müzakirə keçirib. “İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yolları” mövsuzunda keçirilən ictimai müzakirədə KİV və QHT rəhbərləri, millət vəkilləri, müvafiq dövlət qrumlarının rəhbərləri, sosial şəbəkə aktivləri iştirak edib. Tədbiri BMAM sədrinin müşaviri Fuad Rəsulov açaraq, ictimai müzakirə iştirakçılarını “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru, BMAM sədri, palitoloq Rufiz Qonaqovun adından salamlayaraq bildirib ki, ictimai müzakirədə informasiya resurslarının inkişafı və informasiya təhlükəsizliyi ilə bağlı sosial şəbəkələrin, yeni media vasitələrinin vəzifələri, informasiya təhlükəsizliyi ilə bağlı xarici təcrübə və bunun dövlətlərin təhlükəsizliyində rolu, informasiya təhlükəsizliyi ilə bağlı vahid strategiyanın tətbiqinin əhəmiyyəti, internet-medianın fəaliyyətinin sistemləşdirilməsinin yolları, dövlət sirri və dövlət sirrinin qorunmasının vacibliyi kimi mühüm mövzular müzakirə olunur: “Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir. Ona görə də informasiya təhlükəsziliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir. Mediada, internetdə, sosial şəbəkələrdə yayılan informasiyalar milli təhlükəsizliyə zərər yetirməməlidir və bu kimi informasiyalar cəmiyyətin panik duruma düşməsinə rəvac verməməlidir. Hazırda “Bakı 2015: Birinci Avropa Oyunları”na hazırlaşırıq. Ölkəmizə qarşı ikili standartlar, qərəzli mövqe sərgiləyən şəxslər və ölkələrin fəaliyyətini hamımız müşahidə edirik. Bütün bunlar göstərir ki, biz ölkəmizin informasiya təhlükəsizliyini diqqətdə saxlamalı və hər zaman bu istiqamətdə fəaliyyət göstərməliyik”
Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının İdealoji şöbə müdiri Hüseyn Budaqov giriş nitqi ilə çıxış edərək bildirib ki, informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, onların sosial şəbəkələrdə və mediada təbliği dövlətin vacib saydığı əsas mövzulardandır.Bu istiqamətdə vətəndaş cəmiyyətinin aparıcı institutları olan KİV və QHT rəhbərlərinin üzərinə böyük vəzifələr düşür.
BMAM katibliyinin rəisi, ekspert Novruz Dadaşov mövzu ətrafında məruzə edib. O, bildirib ki, ölkədə diqqətdə saxlanmalı ən vacib məsələ informasiya təhlükəsizliyi məsələsidir. Demokratik ölkələrdə bu məsələnin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazası formalaşmışdır. Eləcə də həmin ölkələrdə müxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiya təhlükəsizliyi tənzimlənir. İndiki dövrdə bizim cəmiyyət və ölkə üçün də bu məsələnin aktualdır. İnformasiya resursları artdıqca milli təhlükəsizliyi təhdid edən informasiyalar da çoxalır. Xüsusilə senzuranın ləğv olunduğu bir dövrdə informasiya təhlükəsizliyi ilə mübarizə güclənməlidir. İnternetin geniş imkanları, yayım sürəti problemə daha ciddi diqqət ayrılmasını vacib edir. İnformasiya təhlükəsziliyi üçün qanunvericilik bazası olsa da, nəzarət imkanları məhduddur. Söz və mətbuat azadlığının dünyanın diqqətində olduğu bir zamanda bunun üçün “qızıl orta” tapmaq və onu həyata keçirmək dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin də qarşısında duran əsas vəzifələrdəndir”.
Sonra məruzə ətrafında “Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva, Gənc Vətənpərvərlər Birliyinin sədri Elçin Axundov, Gənclər üzrə Təlim Mərkəzinin mətbuat xidmətinin rəhbəri Gülşən Rəhimov, ATU-nun mətbuat xidmətinin rəhbəri Vüsal Orucov , “Texnolo” qəzetinin redaktoru Səyavuş Kamalov çıxışlar edərək Layihə haqqinda öz fikirlərini bölüşmüşlər.