Azərbaycanın sorğusu əsasında Minskdə həbs olunmuş bloger Aleksandr Lapşinin Belarus Baş Prokurorluğunun onun Azərbaycana verilməsi barədə çıxardığı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb.
"Sputnik"ə istinadən verilən məlumata görə, Minsk Şəhər Məhkəməsi şikayəti təmin etməyib.
Proses qapalı keçirilib, jurnalsitlər ancaq qərarın elan olunduğu hissəyə buraxılıblar.
"Məhkəmə Lapşinin Azərbaycana verilməsi haqqında Azərbaycan Baş Prokurorluğunun xahişinin təmin olunmasına dair Belarus baş prokurorunun müavini Stukun 17 yanvar tarixli qərarını qanuni hesab edib, Lapşinin şikayətini təmin etməyib", - deyə qərarda bildirilir.
Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.
A. Lapşinin Rusiya və İsrail vətəndaşlığı var./apa/