«Bizə belə dəyərlər lazım deyil» - İlham Əliyev
15.09.2015 637 0.0 0

Biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq. Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var”.

Məlumata görə , bunu prezident İlham Əliyev Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində deyib. Prezident bildirib ki, biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq: “Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, inkişaf var. İndi baxın, ölkələrin bir çoxunda böhran yaşanır. Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır. Bu il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmişik. Burada da gənclərimizin rolunu xüsusilə vurğulamaq istəyirəm. Çünki medalları qazananlar da, bizim şöhrətimizi ucaldanlar da gənclərdir. Bu Oyunların təşkilində minlərlə gənc könüllü kimi iştirak edirdi. Yəni, budur bugünkü Azərbaycan reallıqları və biz bunu qorumalıyıq. Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır".

Prezident vurğulayıb ki, bu gün Azərbaycan etibarlı əllərdədir: "Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır.
Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq. Çünki bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub, kifayət qədər güclü potensiala malikdir və biz ölkəmizi inamla idarə edirik".

Bu gün biz informasiya əsrində, internet dövründə yaşayırıq. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə qalxıb. Balaca uşaqlar da internetdən bizdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın".

İlham Əliyev qeyd edib ki, bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır: "Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə, bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə, biz buna hazır olmalıyıq. Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur - budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Mən xüsusilə bu gün bunu Bilik günündə deyirəm ki, gənclər də eşitsin, siz də, bütün Azərbaycan gəncləri, bütün Azərbaycan ictimaiyyəti bunu bilsin. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri - bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər.

Ona görə, mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var. Belə gözəl əsərləri biz yaradırıq və yaradacağıq ki, bizim uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər də yaxşı yerlərdə işləsinlər. Sizi bir daha təbrik edirəm"./Qafqazinfo.az/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar