Bitməyən sürücü özbaşınalığı və ya 20 qəpiklik canımız...
08.01.2018 820 0.0 0

Yanvarın 6-da Zığ şosesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun aşması nəticəsində 20 nəfərin xəsarət alması sərnişindaşımada sürücü problemini növbətə dəfə gündəmə gətirdi. Nəzərə alaq ki, bundan əvvəl də sürücü özbaşınalığından oxşar hadisələr olub və bir daha təkrarlanmayacağı istisna deyil.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatdan da aydın oldu ki, yol qəzası törədərək hadisə yerindən qaçan, lakin tutularaq istintaqa cəlb olunan sürücü bundan əvvəl Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Kamran Hüseynağa oğlu Ağayevdir.

Belə hallarda sürücünün tutulması ilə iş bitməməli, marşrut xətti üzrə sərnişindaşımanı təşkil edən şəxs də məsuliyyətə cəlb olunmalıdır. Belə olmasa, digər sahibkarlara dərs olmayacaq, bəzi daşıyıcılar ölkədə sahibkarlığın inkişafına yaradılan əlverişli mühitdən sui-istifadə etməyə davam edəcəklər.

Hamıya məlumdur ki, bu gün də bir çox avtobusların (xüsusilə ətraf qəsəbələrə gedən avtobusların) sürücüləri salonda siqaret çəkmək, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmaq kimi qanunsuz əməllərindən qalmırlar. Hansısa sərnişin etiraz edəndə isə sürücülərin kobudluğu ilə qarşılaşır, bəzi hallarda isə bu, dava-dalaşa gətirib çıxarır. Yeri gəlmişkən, avtobusların sərnişinlə daxil olmasına göz yuman yanacaqdoldurma məntəqələrinin rəhbərliklərinə qarşı da ciddi tədbirlər görülməlidir.

Həmçinin sərnişindaşımada təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün təcrübənin vacibliyini nəzərə alaraq yaşı 30-dan aşağı olan sürücülər avtobusların idarə olunmasına cəlb edilməməlidir.

Bundan başqa, indiki məqamda sərnişindaşımanın birbaşa dövlət qurumu tərəfindən təşkil edilməsi məqsədəuyğun olardı. Çünki bir çox hallarda sərnişindaşımada mənfi halların qarşısını vaxtında almaq olmur. Sonuncu avtobus qəzası bunu bir daha sübut etdi. Mövcud qanunvericiliyə əsasən sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə edə bilmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarə edilməsinə şərait yaradır.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirmişdi ki, ictimai nəqliyyat formalaşana qədər bu sahə tam dövlət nəzarəti altında olmalıdır:

“Dünyada ictimai nəqliyyat sisteminin yüksək səviyyədə olduğu ölkələrdən biri İngiltərədir. Burada marşrutlar əvvəl sahibkarlarda olub, lakin sonradan dövlət marşrutları nəzarətə götürdü, ictimai nəqliyyat sistemini yüksək səviyyəyə çatdırdı, daha sonra özəlləşdirməyə çıxardı. Azərbaycanda da bu cür ola bilər. ... Nəzarəti birmənalı şəkildə dövlət həyata keçirməlidir, bütün xətlər dövlət nəzarətində olmalıdır. Sahibkar bilməlidir ki, marşrut onun mülkiyyəti deyil, dövlətindir, daşıyıcı sadəcə bu prosesdə icraçıdır. Bir sözlə, marşrut sistemi yüksək səviyyədə qurulması üçün dövlət nəzarətində olmalıdır. Məhz o səviyyəyə çatandan sonra özəlləşdirilməyə çıxarıla bilər”.

İctimai qınağın gücləndirilməsi də çox vacibdir. Sərnişinlər yuxarıda sadalanan qanunsuzluqlara göz yummamalıdırlar. Buna görə sürücülərlə dalaşmağa ehtiyac yoxdur. Bakı Nəqliyyat Agentliyi tərəfindən əksər avtobusların şüşələrində eyniləşdirmə kodunun və qurumun “qaynar xətti”nin əks olunduğu etiketlər yapışdırılıb. Sərnişin hər hansı qanunsuzluqla rastlaşdıqda dərhal agentliyin 141 “qaynar xətti”nə zəng edib avtobusun eyniləşdirmə kodunu deyərək neqativ məqam barədə məlumat verə bilər.

Ümumiyyətlə, hər bir sərnişin haqqını tələb etməyi bacarmalı və sərnişindaşımada mövcud problemlərin həllinə və mümkün bədbəxt hadisələrin qarşısının alınmasına kömək etməlidir.

Hörmətli sürücülər, siz də nəzərə alın ki, daşıdığınız sərnişinlərin canı 20 qəpiklik deyil.../Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar