Respublikamızın bölgələrini gəzib dolaşan, şimal-qərb bölgəsi rayonlarını da öz alovunun şəfəqlərinə qərq edən birinci Avropa Oyunlarının məşəli mayın 24-də ölkəmizin dilbər guşələrindən olan Qax rayonuna gətirildi.
Hər tərəfdən uca dağlarla əhatələnən, əsrarəngiz təbiət gözəllikləri ilə görənləri heyran edən bu qədim diyarın sakinləri Avropa Oyunlarının məşəlinin rayona gətiriləcəyi günü böyük səbirsizliklə gözləyir, neçə gündür ki, bu möhtəşəm idman bayramına hazırlaşırlar. Qax şəhərinin bütün küçə və meydanları bayramsayağı bəzədilib, hər tərəfdə səliqə-sahman hökm sürür, insanlar yüksək bayram əhval-ruhiyyəsindədirlər.
Məlumata görə, günün ikinci yarısında Qax şəhərinin giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu. Buraya toplaşan rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu ilə qarşıladılar. Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul etdi. Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək məşəli Qax şəhərinin mərkəzi meydanına gətirdilər. 2010-cu və 2012-ci illərdə Almaniyada və Portuqaliyada keçirilmiş kunq-fu üzrə dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı.
Məşəl estafetinin sonuncu iştirakçısı Zaur İsakov sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının məşəli doğma Qax rayonunda şölələnir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə həyatının bütün sahələrində, o cümlədən idman sahəsində qazanılan uğurlarımızın məntiqi nəticəsidir. Bu xoşbəxt anları bizə bəxş etdiyinə görə Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Daha sonra məşəldən alovlandırılan çıraq ilk Avropa Oyunlarının sonunadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirən rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov sevinc hisslərini belə ifadə etdi: “İdmanın inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir. Son illər paytaxtla yanaşı, bölgələrdə də nəhəng idman komplekslərinin inşa edilməsi ölkəmizdə bu sahənin inkişafına göstərilən diqqət və qayğıya bariz nümunədir. Belə bir idman komplekslərindən biri iki il əvvəl rayonumuzda da inşa edilib. Qax rayonu həmişə zəngin idman ənənələri ilə seçilib. Bu diyar Şərqdə ilk qadın qrossmeyster Aynur Sofiyeva, şahmatçı Pərvanə İsmayılova, güləşçi Nazim Əlicanov kimi neçə-neçə tanınmış idmançılar yetişdirib. Avropa Oyunlarının məşəlinin rayonumuza gətirilməsi çox böyük hadisədir və heç zaman yaddaşlardan silinməyəcək”.
Rayonun fəal gənclərindən olan Elvin Həsilov isə sevincini bu sözlərlə bölüşdü: “Həyəcanla tarixi anlara şahidlik edirik. Bu əlamətdar hadisə Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin parlaq nəticələrindən biri kimi biz gənclərdə də qürur hissi yaradır. Bizə bu sevinci bəxş etdiyinə görə dövlətimizin başçısına minnətdarıq”.
Rayonda nəşr olunan “Şəlalə” qəzetinin redaktoru Novruz Şabanov dedi: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi beynəlxalq qurumlar və dünyanın aparıcı dövlətləri tərəfindən ölkəmizə göstərilən böyük etimadın nəticəsidir. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, eyni zamanda, çox böyük siyasi əhəmiyyət kəsb edir. Xalqımız Oyunların başlanmasını böyük səbirsizliklə gözləyir. Avropa Oyunlarının məşəli ölkəmizin bütün regionlarında böyük coşqu ilə qarşılanır. Bütün bölgələrimiz bayram libasına bürünüb. Oyunlarda iştirak edəcək idmançılarımıza uğurlar arzulayıram. Əminəm ki, bu möhtəşəm idman yarışı yüksək səviyyədə keçəcək və ölkəmiz daha bir tarixi uğura imza atacaq”.
Gənc müəllimə Elnurə Qasayeva Avropa Oyunlarının məşəlinin Qax rayonuna gətirilməsindən duyduğu sevinci belə ifadə etdi: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuram. Hər işdə olduğu kimi, burada da birinci olmaq şərəfli və əhəmiyyətlidir. Əminəm ki, Oyunlar zamanı Avropa və bütün dünya bir daha ölkəmizin qüdrətinin, xalqımızın qonaqpərvərliyinin, Azərbaycanın sürətli inkişafının şahidi olacaq”./azertag.az/