Belə ki, Dərslikləri Qiymətləndirmə Şurasının müsabiqə əsasında yeni tərkibi formalaşdırılıb.
"2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub".Məlumata görə, bunu "Azərbaycan" qəzetində nəşr edilən məqaləsində təhsil naziri Mikayıl Cabbarov qeyd edib.
Nazir bildirib ki, bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olunan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb. Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə olunan gəlirin istifadəsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.
"Növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək pilot məktəblərdə sınaqdan keçirilir. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq. Həmçinin növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017-ci dərs ilindən istifadəyə veriləcək"./anspress/