Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş verən misli görünməmiş yanğının səbəbi ilə bağlı daha bir versiya irəli sürülüb.
15 nəfərin ölümünə səbəb yanğının binanın fasadı ilə çəkilmiş elektrik kabellərində yaranan qısaqapanmadan baş verdiyi iddia olunur. Bina sakinlərinin verdiyi məlumata görə, binanın arxa hissəsində fəaliyyət göstərən aptekin üstündəki elektrik naqilinin tüstülənməsindən sonra yanğın baş verib.
Bu arada binaya üzlük çəkən fəhlələr də sakinlərin bu iddiasını təsdiq edib. Onların sözlərinə görə, binaya üzlük çəkilən zaman elektrik naqillərinin birləşmə yerlərinin əksəriyyəti açıq qalıb və onların üstü bağlanmayıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin açıqlamasına görə, dəhşətli yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb./anspress/