Binanı kim yandırıb?- ittihamlar başladı-Video
11.04.2015 891 0.0 0

Bakının Xətai rayonunda yaşayış binasında güclü yanğın baş verib. Sakinlər dərhal evakuasiya edilib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

ANS TV-nin məlumatına görə, Bakının Xətai rayonu, Zığ yolu şossesi, 16 ünvanında yerləşən 9 mərtəbəli, bir girişli yaşayış binası bu gün axşam saatlarında güclü alovlara qərq olub. Həmin binanın vaxtı ilə yataqxana olduğu, sonradan sakinlər tərəfindən özəlləşdirildiyi bildirilir.

Yanğın binanın fasad hissəsindən başlayıb və tez bir zamanda bütün mərtəbələri əhatə edib. Buna güclü külək də təsir edib. Hadisə yerinə tez bir zamanda FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri, yanğın söndürən maşınları cəlb olunub. Binada yaşayan sakinlər təxliyə edilib.

“Evim-eşiyim yandı, evdən bir çöp belə olsun çıxara bilmədim, hamısı yandı. Yanğın baş verən zaman hamı kimi mən də mənzildə idim. Yanğın ani olaraq baş verdi və bütün binanı cənginə aldı. Yanğın yerinə gələn yangınsöndürənlər isə susuz gəlirlər”, – deyə bina sakini Habil İsmayılov bildirdi.

“Evdən heç nə çıxara bilmədim, qalmışam paltarsız. Yanğın baş verməmişdən əvvəl evdə oturub istirahət edirdim. Yanğın nəticəsində evdə olan bütün əşyalar yanıb külə döndü", – deyə bina sakini Rafael Rüstəmov bildirdi.

Sakinlərə yanğın nəticəsində ciddi maddi ziyanın dəydiyi də deyilir. Alovlar binanın fasad hissəsindən başladığı üçün tez bir zamanda mənzilllərin küçəyə baxan otaqlarını bürüyüb. 

Bir çox sakinlər cidd-cəhdlə mənzillərinə girməyə çalışsa da, ərazidə xidmət aparan RPİ-nin əməkdaşları və FHN-in nümayəndələri tərəfindən təhlükəsizlik baxımından buna imkan verilməyib.

Bina tez bir zamanda tam nəzarətə götürülüb. Təxminən 2 saat ərzində yanğın tam məhdudlaşdırılıb.

Bina sakini Fərrux Səmədov deyir ki, yanğın məhz burada çalışan fəhlələrin səhlənkarlığı nətricəsində baş verib: “Belə ki, fəhlələr elektirik naqillərinin nəzarətsiz qoyub gedirlər. Buna bir kimsə nəzarət etmir. Bir neçə gün olar ki, evi təmir etdirmişdim. Sırağa gün isə evimə köçmüşəm”.

FHN-in DYMX-nin rəis müavini Rza Xudiyev bildirdi ki, üçüncü çağrış elanı ilə Bakı qarnizonun bütün qüvvə və vasitələri hadisə yerinə cəlb olunub: "Yanğın əsasən binanaın fasadına çəkilmiş plastik örtükdə qeydə alınıb. Yanğın nəticəsində iki mənzilə ciddi ziyan dəyib. Yanğın zamanı digər mənzilərə də ziyan dəyib. Belə ki, mənzilərin eyvanlardan quraşdırılan taxta və plastik materillarından ibarət rəflər yanıb”.

Hadisənin baş verməsi barədə müxtəlif versiyalar irəli sürülsə də, FHN-in rəsmiləri konkret bir fikir bildirməyin hələ tez olduğunu da bildirib. Əsas səbəb kimi isə hələlik sakinlər binanın fasadına vurulan plastik örtüyün təmir-tikinti vaxtı yol verilmiş ehtiyatsızlıqdan yanmasını göstərir.

Yanğın nəticəsində sakinlər vaxtında təxliyə edildiyi üçün onların arasında xəsarət alanlar da olmayıb. Digər təfərrüatlar araşdırılır./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar