Əl-Qaidənin qurucusunun oğlu Həmzə Bin Laden hava hücumları nəticəsində öldürülüb, ABŞ mediası kəşfiyyat orqanlarına istinadən yazır.
Onun öldüyü yer və saat barədə məlumat verilmir.
Pentaqon bu barədə şərh verməyib.
30 yaşlarında olduğu güman edilən Həmzə Bin Laden ABŞ və digər ölkələrdə hücumlara səsləyən audio və video mesajlar paylaşmışdı.
Fevral ayında ABŞ hökuməti onun haqqında informasiyaya görə 1 milyon dollar mükafat təyin etmişdi.
ABŞ mediasında çıxan xəbərlərdə deyilir ki, Bin Laden son iki ildə hərbi əməliyyatlar nəticəsində öldürülüb.
Əl-Qaidə təşkilatındən hələlik hər hansı şərh bildirilməyib.
Onun İranda ev həbsində olduğu güman edilirdi, lakin bəzi məlumatlara görə, o, Əfqanıstan, Pakistan və Suriyada da ola bilərdi.
2017-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Həmzənin toy videosunu yayıb. Həmin vaxt yayılmış məlumatlarda toyun İranda baş tutduğu qeyd edilirdi.
Üsamə Bin Laden 2011-ci ildə ABŞ qüvvələrinin Pakistanın Abbotabad şəhərində həyata keçirilən xüsusi əməliyyat nəticəsində qətlə yetirilib.
2015-ci ildə təşkilatın liderlərindən biri, eləcə də əl-Qaidəni dəstəkləyən vebsaytlar Həmzəni bu təşkilatın gələcək lideri kimi göstərib./milli.az/