"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin problemli aktivlərinin "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatının (BOKT) idarəçiliyinə verilməsi sonuncunun banka tranformasiya olunması planları təxirə salıb.
Qazeta.info bildirir ki, BOKT-dan Trend-ə verilən məlumata görə, ABB-nin problemli kreditlərinin idarə edilməsi hazırkı mərhələdə "Aqrarkredit" üçün daha vacib vəzifədir.
Daha əvvəl ölkədə kənd təsərrüfatı bankının yaradılması zəruriliyi barədə məsələ dəfələrlə gündəmə gətirilmişdi. Bunun "Aqrarkredit"in bazasında edilməsi planlaşdırılırdı, lakin son vaxtlar bu məsələ elə də müzakirə olunmur.
BOKT-dakı mənbə bildirib: "Bizim idarəçiliyimizə hansı həcmdə problemli kreditlərin veriləcəyini hələ dəqiq bilmirik. Lakin bankın miqyaslarını nəzərə alsaq, aydındır ki, söhbət olduqca böyük portfeldən gedir".
Eyni zamanda, "Aqrarkredit"ə məlumat veriblər ki, BOKT-un rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərmanından irəli gələn vəzifələrin müzakirəsi üçün Maliyyə Nazirliyinə dəvət alıb.