Beynəlxalq Avtovağzal ərazisindən Bakı Dairəvi-1 avtomobil yoluna yeni çıxış məqsədilə tikilən yolda işlərin böyük hissəsi başa çatdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirliməsi məqsədilə inşa edilən yeni yolda işlərin 80 faizi yerinə yetirilib.
Ümumi uzunluğu 1070m olan yolda 445m uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Layihənin may ərzində istifadəyə verilməsi planlaşdırılır.
Sözügedən yol istifadəyə verildikdən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna manesiz çıxa biləcəklər./anspress/