Dünya bazarında neft ucuzlaşıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar azalaraq 49,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar azalaraq 51,52 dollar olub.
Maraqlıdır ki, ötən gün ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, bu ölkədə "qara qızıl" ehtiyatı növbəti dəfə azalma nümayiş etdirib. Beləliklə, ABŞ-ın neft ehtiyatları artıq 5 həftədir azalır. Nazirliyin rəqəmləri göstərir ki, ABŞ-da neft ehtiyatlarının həcmi 2,98 mln. barrel azalaraq 499,740 mln. barrelə çatıb. Halbuki, "S&P Global Platts" tərəfindən keçirilən sorğunun iştirakçıları ehtiyatların 2 mln. barrel artacağını proqnozlaşdırıb. Yeri gəlmişkən, ABŞ-ın neft ehtiyatlarının həcmi cari ilin yanvar ayından etibarən ilk dəfə 500 mln. barrel səviyyəsindən aşağı enib.
Bu statistika açıqlanandan sonra Brent markalı neftin 1 barrelinin qiyməti iyun ayının 10-dan etibarən ilk dəfə 52 dollar həddini aşıb.
Azərbaycan neftinin qiyməti 52 dollara yaxınlaşır.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,71 dollar və ya 1,38% bahalaşaraq 51,98 dollar təşkil edib./apa/